İranın ermənisayaq TAKTİKASI – Bu dəfə Azərbaycana qarşı uşaqları qabağa verdilər – VİDEO  

Hazırda oxunan: İranın ermənisayaq TAKTİKASI – Bu dəfə Azərbaycana qarşı uşaqları qabağa verdilər – VİDEO  

113523

Bir neçə gün öncə İranın SEPAH radikal "Bəsic" qüvvələrinin uşaq üzvləri vasitəsilə Xudafərindən Azərbaycanı hədələyən videoçarx hazırlayıb. İranda geniş təbliğ olunan videoçarx ölkəmizdə sosial şəbəkələrdə da yayılıb və ciddi tənqidlərə səbəb olub. 

Sözügedən görüntülərdə İran bayrağı daşıyan hərbi formalı uşaqların Xudafərin körpüsünün yanından addımladığı əks olunub. Bayrağın üzərində isə “Qüdsə gedən yol” yazılıb. Molla rejimi artıq bir müddət öncə də Qüdsə gedən yolun Bakıdan keçdiyi haqda hədə gəlmişdi. 

Azyaşlı uşaqlar Xudafərin körpüsünün kənarından Azərbaycana işarə edərək hədə dolu hərbi marş oxuyublar: 

"Yolundan çox azma, 
Əlinlə qəbrini qazma! 
Edir İran elan, 
Bunu bilsin Azərbaycan!" 

İrandan ermənisayağı gediş 

Videoçarxda iki məqam xüsusilə diqqət çəkib: 

Birincisi, İran Vətən müharibəsindən sonra Azərbaycana qarşı əsl mövqeyini müxtəlif formalarda nümayiş etdirsə də, açıq təhdidlərdən yayınmağa çalışırdı. Məsələn, Zənəgzur dəhlizi ilə bağlı narahatlıqlarını “Cənubi Qafqazda sərhədlərin toxunulmazlığı” formasında təqdim etməklə, Azərbaycanın adına konkret olaraq yer verilmirdi. Bu videoçarxda isə cənub qonşumuz bir qədər taktikanı dəyişib və açıq şəkildə mesajın Azərbaycana ünvanlandığı ifadə edilib. 

İkincisi, İran adətən mollaların, deputat və ya ekspertlərin, bir sıra hallarda isə SEPAH-ın dili ilə Azərbaycanı hədələyirdi. Bu dəfə isə uşaqları qabağa verməyi məsləhət biliblər. Əslində uşaq kartından istifadə bizə tanışdır. Çünki ermənilər tərəfindən bu varianta tez-tez baş vurulub. İstər məktəblilərin təşkil etdiyi tədbirlərdə, istərsə də azyaşlıları Azərbaycan əlehinə mitinqlərə gətirməklə uşaqlar erməni siyasətində alət kimi istifadə edilib. 

Bu dəfə isə İran uşaqları qabağa verməklə ermənilərin yolunu getdiklərini nümayiş etdiriblər.

Göründüyü kimi, İran-Ermənistan dostluğu o həddə çatıb ki, artıq uşaqları da eyni formada tərbiyə edirlər. Yaxın günlərdə erməni və fars uşaqlarının birgə videoçarxı da yayımlansa, gərək təəccüblənməyək. 

Bəs, İranın budəfəki qarınağrısının səbəbi nədir? 

Əslində buna kifayət qədər səbəb, daha doğrusu bəhanə var. Çünki, müstəqil Azərbaycanın mövcudluğu belə mollaları narahat etdiyindən, onlar hər fürsətdə ölkəmizi qaralamağa çalışırlar.

Uşaqların videoçarxına gəlincə isə, yəqin etmək olar ki, Azərbaycanın İsraildə səfirlik açması SEPAH-ı hərəkətə keçirib. Qüds kartının qabardılması da böyük ehtimalla bununla bağlıdır.

Məlumdur ki, uzun illər Azərbaycan İrana hörmət göstərib, ən yaxın tərəfdaşlarından olan İsraildə diplomatik nümayəndəlik açmırdı. Amma nə fayda? Mollalar hörmətdən anlamadı, öz bildikləri mərsiyəni oxumağa davam etdilər. Və gün keçdikcə daha yüksək səslə ağlaşma qurub, zənciri bellərinə daha sərt vurdular. 

Bunlar azmış kimi, indi də Azərbaycanı təhdid etmək üçün uşaqları veriblər qabağa. Özü də Azərbaycanın şimalını cənubuna birləşdirən Xudafərində. 

Yəni, mollaların silahlı müridləri artıq bu səviyyəyə qədər alçalıblar. Gərək təəccüblənməyək, çünki erməni qardaşları ilə öpüşüb-görüşərək yaxşı nəsə öyrənməyəcəkdilər ki... 

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin