Kürdəmirin Şilyan və Qarasu kəndinə xidmət edən həkim məntəqəsi bərbad vəziyyətdədir. Belə ki, həkim məntəqəsinin pəncərələri sınıq, tavan örtüyü dağılmış, otaqları çökmüş, qapıları yoxa bərabər haldadır.
Sözügedən tibb ocağı əslində Kürdəmirin 2 kəndinə Şilyan və Qarasu kəndinin on mindən artıq sakininə xidmət etməsi nəzərdə tutulan həkim məntəqəsidir. Əlbəttə ki, əgər bura həkim məntəqəsi demək olarsa...
Kürdəmirin Şilyan kənd həkim məntəqəsi və xəstəxana kompleksinin inşasına 30 il əvvəl 1990-cı ildə başlanılıb və 1993-cü ildə tikintisi başa çatıb. Həmin vaxtlar xəstəxana kənddəki M.Ə.Sabir adına kolxozun vəsaiti hesabına tikilib.
Təəssüflər olsun ki, tikintisi başa çatan xəstəxana kompleksinin təhvil verilməsi zamanı ölkədə başalanan müharibə səbəbindən öz doğma yurd yuvasından məcburi köçkün düşmüş Cəbrayıl rayon sakinləri həmin tibb ocağında məskunlaşıblar.
Bu səbəbdən də kənd sakinlərinə xəstəxananın xidmətlərindən istifadə etmək qismət olmayıb.
14 ildən sonra isə məcburi köçkünlər 2007-ci ilin noyabr ayında Beyləqan rayonunda onlar üçün tikilmiş şəhərciyə köçürülüblər.
Lakin onlar xəstəxana kompleksini tərk edən zaman nə xəstəxanadan, nə də həkim tibb məntəqəsindən əsər əlamət qalmayıb. Bina dağılmış, pəncərələr sökülmüş, tavan uçmuş, yardımçı binalar məhv edilmiş vəziyyətdə kompleks tərk edilib.
Məcburi köçkünlər binanı boşaltdıqdan sonra kənd camaatının təkidi ilə kompleksdə bir neçə tibb otağı ayrılaraq təmir edilib və həkim tibb məntəqəsi kimi fəaliyyətə başlayıb. Hazırda görünən mənzərə odur ki, sakinlər üçün ayrılmış bu həkim məntəqəsi də qəzalı vəziyyətə düşüb və hər an uçma təhlükəsi ilə üz-üzədir.
Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, bu günə qədər ərazidə heç bir bir iş görülməyib. Əksinə məntəqədə olan vəziyyət günü gündən ağırlaşır. Hazırda bina tam qəzalı vəziyyətə düşüb.
Çəkiliş zamanı da şahidi olduq ki, kənd camaatı binanın divarlarının bir neçə hissəsinə taxta konstruksiyalar söykəyərək binada uçmanın qarşısını almağa çalışıblar. Hər an uçma təhlükəsi olduğundan binaya girib-çıxmaq da real təhlükədir.
Həkim tibb məntəqəsinin qəzalı olması ilə bağlı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etdik.
Xəstəxanın hüquq şöbəsinin məsləhətçisi Əlabbas Abdulxalıqov Bizim.Media-nın regional bürosuna açıqlamasında vəziyyətdən xəbərdar olduqlarını bildirib:
“Adı çəkilən tibb məntəqəsinin əsaslı təmir olunması üçün aidiyyatı üzrə məlumat vermişik. Vəsaitin ayrılacağı təqdirdə sözügedən həkim məntəqəsi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə veriləcək”.
Mövzunu diqqətdə saxlayacağıq.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 05.01.2023
Kürdəmirin 2 kəndinin tibb məntəqəsi ACINACAQLI DURUMDA – Aidiyyəti qurumlar niyə susur? – FOTO
Hazırda oxunan: Kürdəmirin 2 kəndinin tibb məntəqəsi ACINACAQLI DURUMDA – Aidiyyəti qurumlar niyə susur? – FOTO
Hazırda oxunan: Kürdəmirin 2 kəndinin tibb məntəqəsi ACINACAQLI DURUMDA – Aidiyyəti qurumlar niyə susur? – FOTO
113129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.