“Qaçış zolağı” idman növüdür, yoxsa CƏZA aləti – Dəhşətli FAKTLAR

Hazırda oxunan: “Qaçış zolağı” idman növüdür, yoxsa CƏZA aləti – Dəhşətli FAKTLAR

113058

“İdman sağlamlığın rəhnidir”- deyirlər. İdman deyəndə isə ilk ağıla qaçmaq, hərəkətdə olmaq gəlir. İndi idman həvəskarlarının böyük əksəriyyəti qaçmağı gündəlik vərdişə çeviriblər. Təbii ki, qaçış həvəskarlarının bir qismi idman salonlarındakı, bəziləri isə meydançalardakı qaçış zolağından istifadə edir. Məhdud sahədə qaçmaq indi insanlara zövq versə də, vaxtilə bu insanlar  üçün bir cəza üsulu idi. Formada qalmaq, bədəndəki artıq yağı yox etmək və sağlamlığı qorumaq üçün ən çox istifadə edilən bu idman növü bəs necə yaranıb?

Bununla bağlı Bizim.Media araşdırma aparıb: 

Bəlli olub ki, qaçış zolağından ilk dəfə işgəncə aləti kimi istifadə olunub. Treadmill(qaçış zolağı) 1818-ci ildə ingilis mühəndisi Vilyam Cubitt tərəfindən icad edilib. Lakin, o zaman qaçış zolağı formada qalmaq və ya bədəndəki yağə əritmək üçün yaradılmayıb. Bu sadəcə olaraq dəhşətli işgəncə cihazı kimi dizayn edilib.

Beləki, vaxtilə həbsxanada işləyən Vilyam məhbusların cəzalandırılması üçün bu yolu ən münasib görüb. 

“Qaçış zolağ” bir ölüm cihazı idi...

Cubitt “qaçış zolağı”nı əslində nəhəng fırlanan təkər kimi görürdü. Onlarla məhbus bu çarxı döndərərək qaçırdı. İndikindən fərqli olaraq, o, düz qaçışdan daha çox davamlı pilləkən qalxmağa bənzəyən bir sistem idi. Məhkumlar davamlı hərəkətdə olmalı idilər. Əks-təqdirdə dayansalar yıxılıb ayaq altında qalacaqdılar.

O zaman, məhkumların bu hərəkəti buğdanı üyütmək, su çəkmək və ya bacaları havalandırmaq üçün lazım olan enerjini təmin edirdi. Məhkumlar bu cihazla gündə ən azı altı saat qaçırdılar ki, bu da 14.000 pilləli nərdivanı qalxmağa bərabər idi. Başqa dillə desək, bu Everestə dırmaşmağa bərabər idi.

XlX əsrdə İngiltərədəki 50 həbsxana bu cəza növündən istifadə edirdi. Hətta məşhur ingilis yazıçısı Oskar Uayld da həbsdə olarkən bu cəzaya məruz qalıb. Bəzi məhkumları bu cihazlarda bəzən gündə 10 saat qaçmağa məcbur edirdilər. 

“Ölüm zolağı” ABŞ-a gedib çatmışdı...

Vilyam Cubittin bu ixtirası İngiltərədən ABŞ-a da gedib çatır.  ABŞ-da xeyli sayda həbsxanada bu cəza üsulu tətbiq olunur. Bu cihazdan bir çox məhbus həyatlarını itirir. Beləcə, “qaçış zolağı” XlX əsr həbsxanalarının pis vərdişi kimi tarixə düşdü. Nəhayət, 1898-ci ildə qüvvəyə minən həbsxanalar haqqında yeni qanun  ölümcül işgəncə üsulu olan “qaçış zolağı” qadağan etdi.

“Qaçış zolağı” idman növünə necə keçdi?

Lakin, 1911-ci ildə “qaçış zolağı” idman növü kimi ABŞ-da patentləşdirildi. 1970-ci illərdə ABŞ-da başlayan “qaçış və sağlam həyat çılğınlığı” qaçış yolunun yenidən ortaya çıxmasına səbəb oldu və insanlar evlərində qurduqları qaçış yolları ilə idman etməyə başladılar. Bu günsə “qaçış zolağı” insanların ən sevdiyi idman vərdişlərindən bəlkə də ən birincisidir.

Lakin, “qaçış zolağı”nın hansı məqsədlə yaranmasını düşünməksə heç də xoş deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin