Azərbaycanın strateji valyuta ehtiyatları 60 milyar dollara çatdı. Bu tarixi rekorddur. 2022-ci ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 milyard ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranıb.
Bəs, valyuta ehtiyatlarının rekord səviyyədə artması ölkə üçün hansı imkanlar açır?
Məsələyə iqtisadçı ekspert Rəşad Həsənov aydınlıq gətirib. O Bizim.Media-ya açıqlamsaında bunun ilk növbədə ölkənin kredit reytinqlərinə müsbət təsir göstərdiyini bildirdi:
“Bildiyimiz kimi strateji valyuta ehtiyatı ölkənin borc balansının qiymətləndirilməsi zamanı kredit reytinqlətinin yüksək olmasına gətirib çıxarır. Ən əsası bu faktor dövlətin daha az borclanmasına əsaslar yaradır. Eləcə də, Dövlət Büdcəsindən borclara ayrılan xərclərin azalmasına səbəb olur. Bu da imkan verir ki, büdcədəki vəsaitlər digər hədəflər üçün xərclənsin. Bu həm də imkan verir ki, hökümət daha uzun müddətə sabit fiskal siyasət yeritsin”.
İqtisadçı ekspert qeyd etdi ki, Azərbaycanda yığılmış vəsaitlərin daha səmərəli istifadəsi ilə bağlı yanaşma ortaya qoymalıdır:
“Bu xüsusilə insan kapitalı baxımından çox vacibdir. Çünki, resurs əsaslı iqtisadiyyat özünü tam doğrultmur. Azərbaycanda iqtisadiyyatında böyümə tempi çox aşağıdır. Son 10 ildə ölkəmizin iqtisadiyyatı cəmi 1,1 faiz böyüyüb, bu da yaxşı hal deyil”.
Bəs, nə etməli?
Rəşad Həsənov hesab edir ki, ilk növbədə insan kapitalına diqqət artırılmalıdır:
“Neft resursları təhsil sisteminin inkişaf etdirilməsi və kadr potensialının gücləndirilməsi üçün müxtəlif layihələr işlənməlidir.
İkinci istiqamət kimi innovasiyalara yatırımların həcmi artırılmalıdır. Bizdə ekosistem innovasiyası çox zəif inkişaf eləyib. Xüsusilə də bu sahədəki institutlaşdırma çox aşağı səviyyədədir. Dəyər tutumlu məhsulların istehsalına xüsusi diqqət edilməlidir. O cümlədən də İKT sahəsinə güclü investisiya ayırmalıyıq. Çox təəssüf ki, bu sahədə də biz regionda çox geri qalırıq. Baxın son 8 ayda Rusiyadan qaçan şirkətlərin bir çoxları Ermənistana üz tutdu. Lakin, Rusiyadan Azərbaycana şirkət axınını nə yazıq ki, biz görmədik. Baxmayaraq ki, Azərbaycan bazarı Ermənistan bazarı ilə müqayisədə daha böyükdür.
Ona görə də valyuta ehtiyatlarından ekosistemin inkişaf etdrilməsinə vəsaitin ayrılması çox vacibdir.
Üçüncü istiqamət isə yerli bankları daha aşağı faizli vəsaitlə təmin etmək lazımdır. Yəni Neft Fondunun vəsaitlərinin bir qismi yerli banklarda yerləşdirilə bilər. Və bu vəsait ancaq xüsusi təyinatlı layihələrin maliyyələşdirilməsinə sərf edilər”.
Surxay Atakişiyev, Bizim.Media