Şəkidə “Qızılaxtaranlar” Alban abidələrini məhv edir - REPORTAJ

Hazırda oxunan: Şəkidə “Qızılaxtaranlar” Alban abidələrini məhv edir - REPORTAJ

112271

44 günlük müharibədəki qələbəmiz bir çox tarixi faktların üzərinə də işıq saldı. Bu qələbə həm də qan yaddaşımızda min illər yatıb qalmış bəzi mətləbləri də agah etdi. Bunlardan biri də qorxu-hürkü ilə baxdığımız, xristianlıq mədəniyyəti saydığımız ALBAN MƏBƏDLƏRİ oldu.

Cəhalət bizi uzun illər öz kökümüzdən təkcə ayrı salmamışdı, unutqanlıq yaradaraq öz irsimizə nifrət, qorxu da aşılamışdı.

Şəxsən Prezident İlham Əliyevin Alban irsi ilə bağlı Böyük Zəfərimizdən sonra verdiyi göstərişlər bu tarixi mirasımızın yenidən dirçəlməsinə səbəb oldu.

Amma çox təəssüflər olsun ki, bir çox yerlərdə, hətta məsul orqanlarda hələ də bu tarixi hikmətimiz, mənəvi varlığımız dərk olunmaqdan çox uzaqdır.


Bu cür abidələrin ön mərkəzi olan Şəkidə xeyli Alban abidələri var ki, məhv olmaq üzrədir. Zəyzid, Baş Layısqı, Baş Göynük, Bideyiz, Baş Çəldək kəndlərində tarixi abidələr son illərini yaşayırlar, buna gözümüzlə şahidik.

Orta Zəyzid kənd sakinlərinin harayına səs verən yoxdur

Möhtəşəm Alban mədəniyyətinin miraslarından biri də Şəkinin Orta Zəyzid kəndində yerləşir. Amma abidə tam dağılmaq təhlükəsi altındadır. Dəfələrlə müvafiq orqanlara müraciət edən Orta Zəyzid kənd sakinlərinin səsinə nə səs verən, nə də eşitmək istəyən.

Ona görə də sakinlər Bizim.Media-ya müraciət edib haraylarını daha yuxarılara çatdırmaq istəyirlər.

Bir neçə ayın söhbətidir. Yerli sakinlərin Alban məbədinin dağıdılması ilə bağlı müraciətləri qulaqardı edildiyindən, hətta onun daxilində qanunsuz qazıntı aparılmasına reaksiya gəlmədiyindən, məsələ sosial şəbəkələrə çıxarılmışdı. Məhz bu addımdan sonra az-çox reaksiyalar oldu.

“Qızıl axtaranlar” Zəyzidə də peyda olub

Alban abidəsi ətrafında bir qrup naməlum şəxs tərəfindən qanunsuz qazıntı işləri aparılıb. Nə üçün? Sakinlər arasında gəzən söz-söhbətə görə Şəkidə kimdirsə, qızıl axtaran aparat alıb, bütün tarixi abidələrdə, pirlərdə, qədim körpü başlarında qənimət axtarır.

Bizim.Media olaraq bir neçə dəfə Şəkinin Cuma kəndində yerləşən “Pir baba” ziyarətgahında da analoji qazıntının olduğunu yazmışdıq. Hətta bu qazıntılar üzrə cinayət işi də açılaraq məhkəmə prosesi başladılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Pir Baba ziyarətgahında qızıl axtarmaq sifarişini KİM VERİB? – Məhkəmədə QALMAQAL


Həmsöhbətimiz kənd sakini Seymur Qurbanov Orta Zəyzid kənd 2 nömrəli məktəbin tarix müəllimdir. Alban məbədinin uzaqda və dağların qoynunda yerləşməsinə baxmayaraq dəfələrlə dərs dediyi şagirdləri buraya gətirərək açıq dərslər keçib. Şagirdlərdə tarixə, tarixi abidələrə diqqət oyatmaq üçün hətta inşa və esselər yazaraq müsabiqələrə qatılıb. Seymur müəllimin həyacanlı xəbərdarlığına məhəl qoyulmadığından indi acı nəticələr göz qabağındadır.

“Kəndimizdə tarixi abidələr çoxdur. Kəndin aşağı hissəsində, yuxarı hissəsində var, qəbir abidələri var. Kənd sakini, ziyalısı kimi xahişimiz budur ki, bu abidələr araşdırılsın, öyrənilsin. Kəndimizn, ölkəmizin tarixi abidələri mühafizə olunsun, qorunsun”.

Mədəniyyət nazirliyi Alban abidələrinə niyə biganədir?

Məbədi kəndin şimal-şərqində, dəniz səviyyəsindən 1000-1200 metr yüksəklikdə yerləşir. İnkişaf etmiş konsturiktiv və dekorativ xüsusiyyətlərinə görə, 12-13-cü əsrlərdə Qafqaz Albaniyasında xristian memarlığının iknci çiçəklənmə dövrünün əvvəllərində inşa edilən abidələrə aiddir.

Seymur müəllim Zəyzid məbədinin birinci mərhələdə tikilən belə tarixi abidələrə nisbətən daha zərif və dekorativ inşa olmaqla estetik tələblərin yüksəldiyini əks etdirdiyini deyir.

“Bu gördüyümüz abidə kəndimizin ən qədim tarixi abidələrindən biridir. Qafqaz Albaniyasına aid olan bu tarixi abidə tam araşdırılmayıb, araşdırılarsa bəlkə bu regionun, bu ərazinin ən tarixi abidələrindən biri ola bilər. Abidənin giriş hissəsində qazıntı aparılıb. Amma bilinmir hansı məqsədlə aparılıb, ya sərvət axtarışı ya nəsə. Yəni, hər halda bunu araşdırmaçılar müəyyən edə bilər”.

Sakinlər qanunsuz qazıntı barədə rayon polis şöbəsinə məlumat verdikdən sonra əraziyə əməliyyat və təhqiqat qrupu göndərilib. Tədqiqat işləri aparılıb.


Məsələ elə o zaman Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin də diqqətinə çatdırılıb. Sözügedən qanunsuzluğu Dövlət Xidmətinin regional əməkdaşları aşkar edib, yerindəcə məsələni aktlaşdırıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Üzərindən aylar keçməsinə baxmayaraq, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti burada heç bir araşdırma, tədqiqat və ya abidənin öyrənilməsi, mühafizəsi üçün müşahidə olunacaq bir addım atmayıb.
Tarix müəlimi Seymur Qurbanov və eləcə də onlarla kənd sakinləri artıq ümidlərini Mədəniyyət nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən əllərini üzüblər. Ona görə də daha səlahiyyətli şəxslərə müraciət edərək bildirirlər ki, Zəyzid Alban abidəsinin təcili mühafizə və restavrasiya ehtiyacı var.

Sakinlər onu da qeyd edirlər ki, əgər Zəyziddəki Alban abidəsi bərpa olunarsa, Dövlət Turizm Agentliyinin marşrutuna daxil edilə bilər. Bununla həm abidə xilas olar, həm də gözəl təbiəti və dağlıq relyefi olan kənddə yaşıl turizmin, dağ turizminin inkiaf edər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin