Dünya bazarında TAXIL UCUZLAŞDI – Bəs, Azərbaycanda çörək niyə bahadır?

Hazırda oxunan: Dünya bazarında TAXIL UCUZLAŞDI – Bəs, Azərbaycanda çörək niyə bahadır?

111953

Bu il ölkəmizdə taxıl məhsullarının qiyməti 2 dəfə artıb. Qiymət artımı təbii ki, dünya bazarlarındakı bahalaşma ilə izah olunub. İyun ayından başlayaraq isə taxılın dünya bazarında qiymətində ucuzlaşma müşahidə olunur. Amma əks proses nədənsə ölkədəki qiymətlərə təsir etmir.

Ekspertlər bunu ölkədəki taxıl sektorunun inhisarlaşdırılması ilə əlaqələndirir.

Daxili bazara nəzarəti həyata keçirən qurumların taxıl şirkətlərinə təsir edə bilmədiyi heç kimə sirr deyil. İyun ayından ötən müddətdə dünya bazarında ərzaqlıq buğdanın qiyməti 25 faizə qədər ucuzlaşıb. Yəni ümumilikdə qiymətlərdə ciddi enmə var.
Azərbaycanda taxılın hazırki qiyməti 1 il öncəkidən 16-17 faiz bahadır. Bununla belə un və çörəyin qiyməti isə ötən ilkinə nisbətdə 50 faiz bahalaşıb. Bu da onu göstərir ki, çörəyin qiymətinin artması təkcə ərzaqlıq buğdanın bahalaşması ilə bağlı deyil.

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli Bizim.Media-ya təsdiq etdi ki, dünya bazarında taxılın qiymətinin düşmə tempi var:

“Amma nəzərə alaq ki, Azərbaycan taxıl tədarükünü əsasən yay aylarında alır. Bu mənada biz onsuz da taxılı baha qiymətə almışıq. Ona görə də yaxın zamanda ölkəmizdə taxılın və çörəyin qiymətinin aşağı düşməsini gözləmək sadəlöhvlük olardı. Çünki, kimi dindirsən deyəcək ki, buğdanı baha almışıq.

Lakin, beynəlxalq aləmdə taxılın qiymətinin düşməsi fonunda Azərbaycanda yaxın 2 ayda çörək ucuzlaşmasa onda bu artıq gizli sövdələşmələrin nəticəsi kimi qəbul ediləcək. Yəni bu o deməkdir ki, ölkəmizdə inhisarçılıq davam edir və yaxud öz işini görür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin