Şahmat Federasiyası ilə yekun vurdu - FOTO

Hazırda oxunan: Şahmat Federasiyası ilə yekun vurdu - FOTO

110794

Azərbaycan Şahmat Federasiyasında 2022-ci ilin yekunlarına həsr olunan görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov, Cahangir Ağarəhimov, baş katib İlahə Qədimova iştirak edib. 

Görüşdə əvvəlcə 2022-ci ildə əldə olunan uğurlardan danışılıb. Federasiya rəhbəri Mahir Məmmədov şahmatçıların qazandığı nailiyyətləri yüksək qiymətləndirib:

“İlin əvvəlində Azərbaycan çempionatı keçirildi. Federasiya turnirin mükafat fondunu artırmaqla bütün şahmatçıların yarışda iştirakını təmin etməyə çalışdı. Azərbaycan çempionatı bu il daha gərgin və maraqlı anlarla yadda qaldı. Yekunda Məhəmməd Muradlı və Gövhər Beydullayeva çempionluq sevinci yaşadı. 

2022-ci ildə şahmatçılar bir sıra mötəbər beynəlxalq yarışlarda layiqli nəticələr əldə etdi. İlk növbədə 20 yaşlı şahmatçılar arasında keçirilən dünya çempionatını qeyd etməliyəm. Mötəbər yarışda hər iki kateqoriya üzrə qızıl medalları azərbaycanlı şahmatçılar qazandı. Abdulla Qədimbəyli və Gövhər Beydullayeva gənclər arasında dünya çempionu tituluna sahib çıxmaqla adını tarixə yazdı. 

Azərbaycan şahmatçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında Avropa çempionatında mükafatçılar sırasında yer aldı. Günay gümüş, Ülviyyə bürünc medala layiq görülməklə ilkə imza atdı. Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa Çempionatında iki təmsilçimiz medalçı oldu. 12 yaşlı oğlanların yarışında Xaqan Əhməd ikinci, 10 yaşlı qızların yarışında isə Leyla Mirzəliyeva üçüncü yeri tutdu. Rumıniyanın Mamaya şəhərində dünya birinciliyində bir medalımız oldu. 18 yaşlı qızların yarışında Ayan Allahverdiyeva gümüş medal əldə etdi.  

Doğma Şuşada ilk dəfə şahmat üzrə beynəlxalq şahmat turniri baş tutdu. Kişilərin yarışında Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov qələbə qazanaraq ilk turnirin qalibi oldu. 

Naxçıvan 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə qəbul etdi. Azərbaycan yığması mötəbər yarışda fəxri kürsünün üçüncü pilləsində yer aldı.
Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunan yarış Azərbaycan komandasının qələbəsi ilə başa çatdı”.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov milli komandaların Hindistdanda təşkil edilən Ümumdünya Şahmat Olimpiadasındakı çıxışından razı qalmadığını bildirib: “Kişi şahmatçılardan ibarət milli komandamız olimpiadada yüksək nəticə əldə etmədi. Biz komandanın çıxışından razı qalmadıq. Olimpiadadakı mübarizədən nəticə çıxaracaqlarına ümid edirik. Hindistandakı yarışın yekun nəticəsi təhlil olunmalıdı. Qadın şahmatçılarımıza gəlincə olimpiadada daha əzmkar mübarizə göstərdilər. Təəssüf yekunda istədiyimiz nəticə olmadı. Avropa Kuboku yarışlarında da təmsilçilərimiz ümidləri doğrultmadı”.

İclasda qeyd olunub ki, AŞF ölkə çempionatında bütün şahmatçıların iştirak etməsini arzulayır. Federasiya rəhbəri hər il Azərbaycan çempionatında mükafat fondunu artırmaqla güclü rəqabət yaratmağa səy göstərir. AŞF-nin Birinci vitse-prezidenti Faiq Həsənov növbəti illərdə bütün şahmatçıların ölkə çempionatına qatılacağına ümid etdiyini söyləyib.

İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov isə 2022-ci ilin nəticələrini belə dəyərləndirib: “2022 AŞF üçün yeni rəhbərlik və heyətlə ilk il oldu. Bu il federasiyanın büdcəsi artırıldı, tam şəffaflıq təmin olundu. Gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıldı. Ona görə 2022-ci ili kifayət qədər vacib dövr adlandırmaq olar. Bütün şahmatçılara növbəti yarışlarda uğurlar arzulayıram”.

Tədbirin sonunda rapid və blits üzrə Azərbaycan çempionatının qaliblərinə medal və diplomlar təqdim olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin