Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşa-Laçın yolundakı aksiya ilə bağlı birgə bəyanat yayıblar.
Qafqaz Müsəlmanları İdarəsindən Bizim.Media-ya verilən xəbərə görə, bəyanatda deyilir:
"Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri icmalarımızın arzu və iradəsini ifadə edərək, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Şuşa-Laçın yolunda ölkəmizin qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr, ziyalılar, gənclər, ekoloqlar və jurnalistlərin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında ekoloji terrora və təbii ehtiyatların qanunsuz istismarına dinc etiraz aksiyası ilə əlaqədar Ermənistan tərəfinin, özəlliklə, erməni kilsəsinin ictimai fikri yanlış istiqamətdə yönləndirmək məqsədilə yaydığı müraciətlərlə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.
İlk növbədə qeyd olunmalıdır ki, vətəndaş cəmiyyətinin təmsilçiləri olan etirazçıların bir həftədən artıq davam edən təbii sərvətlərin talanmasına və ekologiyaya ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiya dinc xarakter daşıyır və Azərbaycanın sülhsevər siyasətinin prioritetlərindən irəli gəlir.
Etirazçılar Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ekologiyasının çirkləndirilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər.
Müstəqil fəallar tərəfindən aparılan araşdırmalara görə, Azərbaycanın “Qızılbulaq” qızıl yatağı və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir və bu fəaliyyətin monitorinq olunması haqqında öncə müvafiq razılaşmanın əldə edilməsinə baxmayaraq, onlar separatçı qüvvələr tərəfindən həmin obyektlərə buraxılmayıblar.
Hal-hazırda etirazçılar göstərilən yataqlarda yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər.
Birmənalı şəkildə bildiririk ki, Ermənistan tərəfinin, xüsusən, Eçmiədzinin yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır və QHT-lərin dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə iddialar qətiyyən həqiqətə uyğun deyil.
Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur.
Qarabağ bölgəsində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün qaynar xətt yaradılıb.
Aksiya zamanı Ermənistan mətbuatında və erməni diasporunun təbliğatında Xankəndi-Laçın yolunun Azərbaycanın qeyri-hökumət təşkilatları və Azərbaycan mediası tərəfindən bağlanması barədə iddia da əsassızdır, belə ki, adıçəkilən yolun rus sülhməramlıları tərəfindən bağlanması faktı bəyan olunub. Çox heyfsilənirik ki, erməni kilsəsi ədalət nümayiş etdirərək həqiqəti çatdırmaq əvəzinə, siyasi konyunktura uyğun qərəz və böhtan mövqeyindən məsələyə yanaşır, dinc etiraz aksiyasını “etnik təmizləmə siyasəti” və “qeyri-insani hərəkət” kimi qələmə verməyə çalışır.
Erməni kilsəsinin hadisələri «erməni blokadası və humanitar fəlakət» kimi təqdim etməyə cidd-cəhd etməsi təxribat və qarayaxmadan başqa bir şey deyildir. Azərbaycan yolları bağlayan deyil, yeni yollar, körpülər inşa edən dövlətdir.
Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisində yerləşən Laçın yolu ilə bağlı birmənalı mövqeyi bundan ibarətdir ki, bu yol hərbi və ya hər hansı qanunsuz fəaliyyətlər üçün deyil, mülki-humanitar məqsədlər üçün istifadə oluna bilər.
Acı həqiqət ondan ibarətdir ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə, təbii sərvətləri talama, mənəvi irsi dağıtma, ekosistemə qarşı cinayətlər nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşamışlar.
İşğal dövründə ərazinin flora və faunası məhv edilmiş, torpaqları yandırılmış, su hövzələri zəhərlənib.
Şəhər və kəndlərimiz urbisid nəticəsində yer üzündən silinmişdir. Basdırılmış saysız-hesabsız minalar səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı ləngiyir, yüzlərlə mülki vətəndaş mina terrorunun qurbanları sırasındadır.
Münaqişə dövründə itkin düşmüş 4 mindən artıq vətəndaşımızın aqibəti hələ də məlum deyil. Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılıb, məscidlər tövləyə çevrilmiş, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub.
Azərbaycan sülhsevər dövlətdir və bunu münaqişənin davam etdiyi üç onillik müddətə yaxın dövrdə sülh yönündə danışıqlarda ardıcıl iştirakı ilə, habelə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda fəal iştirakı ilə nümayiş etdirmişdir.
Ermənistanın qeyri-konstruktiv mövqeyi bölgəmizin əmin-amanlığı və iqtisadi rifahı yönündə perspektivləri əngəlləyir. Dövlətimiz ərazilərində yaşayan bütün etnik və din mənsublarına, o cümlədən, Qarabağda yaşayan dinc erməni əsilli Azərbaycan vətəndaşlarına ehtiramla yanaşır, onların hüquqlarını və dəyərlərini qoruyur.
Uca Allahın neməti olan torpaq, onun üstündə və təkində olan bütün sərvətlərə ehtiram və qayğı ilə yanaşmaq Azərbaycan torpaqlarında yaşayan həm azərbaycanlıların, həm də ermənilərin vətəndaşlıq borcudur.
Biz, dini konfessiya rəhbərləri daim Uca Yaradanımızın buyurduğu yolla gedərək bəşəri dəyərlərə, humanist məramımıza və dinc birgəyaşayış ideyalarına sadiq olmuşuq və həmişə qonşu Ermənistanın din xadimlərini sülhə, müharibə ritorikasından əl çəkməyə çağırmış və dialoqa üstünlük vermişik.
Bu Bəyanatımızla biz erməni kilsəsini Uca Yaradanımızın buyurduğu ideallara istinadən həqiqətləri söyləməyə, Qarabağda yaşayan dinc erməni əhalini revanşizmə sürükləməməyə, kövrək sülh şəraitində qızışdırıcı fəaliyyətlə məşğul olmamağa çağırırıq.
Öz növbəsində, Qarabağın dinc erməni əhalisini yaşadıqları torpaqlarda Uca Allahın bəxş etdiyi təbii sərvətlərin talanmasına və törədilən ekoloji cinayətlərə qarşı birgə qətiyyətli mövqe nümayiş etdirməyə dəvət edirik.
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Milix YEVDAYEV
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Arximandrit ALEKSİY
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyasının katibi
Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert MOBİLİ
Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri"
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:10 / 20.12.2022
Dini konfessiya rəhbərlərindən Şuşa-Laçın yolundakı aksiya ilə bağlı BƏYANAT
Hazırda oxunan: Dini konfessiya rəhbərlərindən Şuşa-Laçın yolundakı aksiya ilə bağlı BƏYANAT
Hazırda oxunan: Dini konfessiya rəhbərlərindən Şuşa-Laçın yolundakı aksiya ilə bağlı BƏYANAT
110664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.