Ekoloji terrorla bağlı dünya beyin mərkəzlərinə MÜRACİƏT EDİLDİ

Hazırda oxunan: Ekoloji terrorla bağlı dünya beyin mərkəzlərinə MÜRACİƏT EDİLDİ

110025

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycan ərazilərində “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq dünyanın ətraf mühit siyasəti sahəsində olan aparıcı beyin mərkəzlərinə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə Azərbaycan ekoloqlarının Rusiya sülhməramlılarının müvəqqəti fəaliyyət göstərdiyi Azərbaycan ərazilərində “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiyi bildirilir. 

Azərbaycanlı ekoaktivistlər “Ekoloji terrora son!”, “Öz ərazilərimizdə monitorinqin qarşısını alma!” şüarları ilə planetin həyat qabiliyyətini təhdid edən ekosid və qeyri-qanuni istismarın qarşısını almağa çağırırlar.

Eyni zamanda, Azərbaycan ərazilərində yerləşən faydalı qazıntı yataqlarında azərbaycanlı mütəxəssislərin monitorinq və qiymətləndirmə aparmasına şərait yaradılması əsas tələb kimi irəli sürülür.

Vüsal Qasımlı dünyanın ekoloji sahədə fəaliyyət göstərən beyin mərkəzlərinin diqqətinə çatdırır ki, Azərbaycanın Ağdərə şəhəri ətrafında yerləşən “Qızılbulaq” qızıl yatağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanılan sazişə uyğun olaraq “R.V.Investment” şirkəti tərəfindən istismar olunmalıdır. Lakin yataq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olduğu üçün tərəflər arasında imzalanan saziş icra edilmir. 

Əvəzində istismarla məşğul olan “Base Metals” şirkətinin təkcə 2009-2017-ci illərdə “Qızılbulaq” yatağının istismarı nəticəsində 178 milyon dollar qazandığı sübuta yetirilib.

Qarabağ ərazisində 2010-cu ildən fəaliyyətə başlayan və ilkin hesablamalara görə, illik gəliri 8 milyon ABŞ dolları təşkil edən şirkət “Qızılbulaq” yatağından hər ay 12 min ton filiz çıxarıb, saflaşdırma kombinatında ilkin emaldan sonra Ermənistana aparıb və orada təkrar emal olunduqdan sonra dünya bazarına çıxarıb.
Vüsal Qasımlı müraciətində aparılan araşdırmaların nəticəsini diqqətə çatdırır və bildirir ki, bir-birindən 15 kilometr uzaqlıqda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının Vətən müharibəsindən sonra istismarı dayandırılıb. Lakin bədnam rusiyalı milyarder Ruben Vardanyanın Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan qaçıb Qarabağa gəlməsi və Qarabağ separatçılarının rəhbərliyinə-qondarma “dövlət naziri” postuna gətirilməsindən sonra yataqlarda yenidən qanunsuz fəaliyyətə başlanılıb. 

Son dövrlər isə “Azersky” peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin tikintisinin aparıldığı müəyyənləşdirilib.

Nəticədə ətraf mühitə böyük ziyan dəyib, çaylar və yeraltı sular ağır metallarla çirkləndirilib. Uzun illər bu ərazilərdə ekosidlər törədilib, yanğınlar təşkil edilib, su hövzələri kimyəvi çirklənməyə məruz qalıb, Azərbaycan dövlətinə məxsus sərvətlər qanunsuz istismar olunub.

İİTKM-in icraçı direktoru Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə Azərbaycan Respublikasının daxili qanunvericiliyinin pozulduğunu, beynəlxalq konvensiyaların tələblərinə əməl olunmadığını diqqətə çatdırır.
Bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə “Qızılbulaq” və “Dəmirli” mədənlərində qanunsuz sahibkarlıqla məşğul olaraq qanuni sahibi Azərbaycan dövləti olan sərvətlərimizi talan edənləri 7 ilədək həbs cəzası gözləyir və onlar Azərbaycan Respublikasına dəymiş ziyanın 4 mislini dövlət büdcəsinə ödəməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin