İsraildə səfirliyimiz açılmamış İran əl-ayağa düşdü - MOLLALAR nədən narahatdır?

Hazırda oxunan: İsraildə səfirliyimiz açılmamış İran əl-ayağa düşdü - MOLLALAR nədən narahatdır?

109921

Azərbaycanın İsraillə münasibətlərinin İran hakimiyyətinin narahatlığına səbəb olduğu məlumdur. Belə ki, Tehran rejiminin rəsmiləri zaman-zaman İsraillə yaxınlığı bəhanə gətirərək, Azərbaycana qarşı hədələyici ritorikaya əl atırlar.

Xüsusən də, noyabrın 18-də Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qanun layihəsinin Milli Məclisdə I oxunuşdan keçməsindən sonra qeyd olunan məsələdə İrandan gələn etiraz səsləri artmağa başlayıb.

Eyni zamanda əvvəllər daha aşağı ranqlı rəsmilər, rejimə bağlı politoloqları Azərbaycan-İsrail münasibətlərinin tənqid edilməsində daha yüksək vəzifəli mollalar əvəz etməyə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycanın Təl-Əvivdə səfirlik açması tarixi qərardır" - İsrail XİN


Mollaların Azərbaycan “təəssübkeşliyi”

Dekabrın 12-də İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Vəhid Cəlalzadənin “Khane-ye Mellat” xəbər agentliyində müsahibəsində Azərbaycanın İsraildə səfirliyinin açılmasına dair əsassız tənqidi fikirlər səsləndirib.

Cəlalzadənin açıqlamalarında xüsusilə diqqət çəkən məqamlara qısaca nəzər salaq.

1. Azərbaycan amerikalıların və sionist rejimin fitnələrindən uzaqlaşmalıdır, çünki onlar Azərbaycanın və İranın dostları deyil.

2. Azərbaycanın İsraildə səfirlik açması İslam dünyasının və hətta Azərbaycanın milli maraqlarına ziddir.

3. İran sionist rejimin Azərbaycan ərazisini istismar etməsinə izn verməyəcəyik.

Əvvəla onu qeyd edək ki, Vəhid Cəlalzadə İranda ali qanunverici orqan olan İslam Şurası Məclisinin komitə sədridir. Yəni o, hər hansı sıradan ekspert və ya əyalət mollası deyil. Ona görə də, Cəlalzadənin açıqlamalarında hər hansı özfəaliyyətdən bəhs etmək əbəsdir. Yəni, bu, əslində Molla rejiminin Azərbaycan-İsrail münasibətlərinə qarşı bəlli mövqeyinin ifadəsidir. Təbii ki, deyilənlərdən çox, deyilməyənlər də önəmlidir. Və nəzərə alaq ki, Cəlalzadə açıqlamalarında diplomatik normaları gözləyərək Azərbaycana qarşı təhdidlərini bacardığı qədər yumşaq ifadə etməyə çalışıb.

Amma görünən dağa nə bələdçi...

Birinci qeyd etdiyimiz məsələdə Cəlalzadə Azərbaycan və İranın dostlarını eyniləşdirməyə çalışır. Lakin İranın da, bizim də dostlarımız bəllidir. Digər tərəfdən özü bizə dost olmayan İranla Azərbaycanın eyni dostlara sahib olması ideyası belə absurd görünür.

İkincisi, Cəlalzadə İranın adət etdiyi tərzdə açıqlama verərək, özünü İslam dünyasının təəssübkeşi kimi göstərməyə çalışır. Amma eyni sualı Cəlalzadənin özünə vermək lazımdır: Niyə İran 30 il müsəlmanların yaşadığı Qarabağ torpaqlarını işğalda saxlayan Ermənistanda səfirlik açırdı? Hətta bu yetmirmiş kimi, Qafanda guya Azərbaycana göz dağı vermək üçün konsulluq da açdılar, özü də Ermənistanın da İsraillə münasibətləri ola ola...

Digər tərəfdən, Tehran bir dəfə də olsun Qarabağda məscidlərdə donuz saxlanılmasına etiraz etməyib. Hətta əminliklə deyə bilərik ki, dağıdılan məscidlərimizin əksəriyyəti də parça-parça İrana daşınıb.

Və Cəlalzadə yenə də “sionist rejim”in Azərbaycanı “istismar etməsi” məsələsini ortaya atır. Maraqlıdır, Azərbaycan İranın kiminlə dost, kiminlə düşmən olduğu məsələsinə bir dəfə də olsun qarşıbmı? Hətta 30 illik işğal ərzində Ermənistanla nəinki dost, qardaş münasibətləri quran Tehrana rəsmilərimizdən bir dəfə də olsun hər hansı xəbərdarlıq gəlibmi? Təbii ki, yox. 

Bir sözlə, İran bu 30 il ərzində əsl simasını bizə kifayət qədər göstərib. Doğrudur, siyasətdə əbədi dostlar yox, maraqlar var. Amma molla rejimi bu ritorikası ilə Ermənistandan da böyük düşmən olduğuna şübhə yeri qoymayıb. Çünki Ermənistan İran hakimiyyətindən fərqli olaraq göz önündə olan düşməndir. Molla rejimi isə Cənubi Qafqaz siyasətinin üstünü nə qədər bəzəsə də, altının nə olduğu bəllidir...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin