Dekabrın 15-ni yaddaşlara həkk edən bir çox hadislər baş verib. Onlardan biri də qədim türk abidəsi olan Orhun-Yenisey kitabələri ilə bağlıdır. Danimarkalı dilçi alim və türkoloq Vilhelm Lüdviq Tomsen (Wilhelm Ludwig Thomsen) 1893-cü ilin 15 dekabrında Danimarka Krallığı Elmlər Akademiyasına təqdim etdiyi məruzədə elm dünyasına Göytürk əlifbasının çözüldüyünü, kitabələrinin oxunduğunu açıqladı.
Müdrik xaqan kitabəsinin şərq üzündə bu sözlər yazılırdı:
"Türk Oğuz bəyləri və xalqı, eşidin! Üstdə göy çökmədikcə, altda yer ayrılmadıqca sənin dövlətini və qanunlarını kimsə yıxa və poza bilməz".
2. 1941-ci ilin 15 dekabrında Rumıniyadan Fələstinə yola çıxan və təxminən 800 yəhudini aparan "Struma" gəmisinin mühərriki İstanbul sahillərində xarab olduğu üçün limana yan almaq məcburiyyətində qaldı. Beynəlxalq təzyiqlərlə əlaqədar Türkiyə hökuməti sərnişinlərin quruya çıxmasına icazə vermədi, ancaq gəmiyə hər gün ərzaq göndərildi.
3. 15 dekabr 1989-cu ildə Rumıniyada diktator Nikolay Çavuşeski və həyat yoldaşı Yelenanın 25 dekabrda güllələnməsi ilə nəticələnəcək xalq qiyamı başladı. İlk gün çıxan hadisələrdə 115 adam həyatını itirdi.
4. 1995-ci ilin 15 dekabrında Avropa Ali Məhkəməsi belçikalı futbolçu Bosmanın açdığı iddia ilə əlaqədar qərarını açıqladı. İdman tarixinə "Bosman qaydaları" olaraq düşən qərara görə, Avropa İttifaqı üzvü olan ölkələrin milli liqalarında transfer edilən oyunçunun, Avropa vətəndaşı qalması şərtiylə, xarici oyunçu məhdudlaşdırılması aradan qaldırıldı. Bununla da futbolçuların müqavilələri sona çatdığı zaman “bonservis” bədəli ödəmədən istədikləri kluba keçmələrinin qarşısı açıldı.
Bəs, bu gün hansı məşhurlar dünyaya gəlib?
1.Görkəmli Azərbaycan alimi, akademik Həsən Əliyev 1907-ci ilin 15 dekabrında dünyaya gəlib.
Müxtəlif illərdə botanika və coğrafiya institutlarının direktoru olan, Azərbaycan Elmlər Akademiyasının akademik katibi vəzifəsində çalışan alimin əsas tədqiqatları meşə torpaqlarının coğrafiyası, respublika torpaq xəritəsinin hazırlanması, Azərbaycanda beynəlxalq bioloji proqramın təşkil olunması və ətraf mühitin qorunması ilə bağlıdır. Həsən Əliyevin Azərbaycanda elmi kadrların hazırlanmasında əvəzsiz xidmətləri olub. Onun böyük əks-səda doğuran “Həyəcan təbili” kitabı Azərbaycanda təbiətin qorunması sahəsinə həm dövlət orqanları, həm də xalqı səfərbər edib. (1907-1993)
2. 15 dekabr Azərbaycanın görkəmli fırça ustası, xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür. Müsair Azərbaycan rəssamlıq sənətində mənzərə janrının banilərindən biri kimi tanınan S.Bəhlulzadənin “Bakıda atəşfəşanlıq, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Yuxarı Daşaltı”, “Cıdır düzü” kimi əsərləri ona dünya şöhrəti gətirib. (1909-1974)
3. Azərbaycan rəssamı Reyhan Topçubaşova 1905-ci ilin bu günü Qubada anadan olub. Portret və məişət janrlarında əsərlər yaradan, eləcə də süjetli kompozisiyalar və natürmortlar çəkən rəssamın mənzərələrində Abşeron təbiətinin təsviri geniş yer tutur. Reyhan Topçubaşova həm də Azərbaycanın mahnı və rəqs ansamblları üçün geyim eskizləri yaradıb. (1905-1970)
4. Azərbaycanın ilk qadın bəstəkarlarından olan Ağabacı Rzayeva 1912-ci ilin bu günü anadan olub. Bakı Konservatoriyasında Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylidən bəstəkarlıq dərsi alan A.Rzayeva yaradıcılığında mahnı və romanslar mühüm yer tutur. (1912-1975)
5. Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi təyyarəçi, tarix elmləri doktoru, professor Məzahir Abbasov 1918-ci il 15 dekabrda Bakıda dünyaya gəlib. 1937-ci ildə Odessa Ümumittifaq Konserv Sənayesi Kimya Texnologiyası İnstitutunu bitirib. Elə həmin il Krasnodar diyarının Yeysk şəhərində Aviasiya Məktəbinə daxil olub. 22 yaşında (1940) Məzahir Abbasov leytenant rütbəsi ilə SSRİ Hərbi Hava Qüvvələri Qara dəniz Donanmasının Krımda yerləşən uçuş heyətinə komandir təyin edilib. Müharibə dövründə Sevastopol, Odessa və Qafqazın müdafiəsində fəal iştirak edib, qəhrəmanlıqlar göstərib. 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix kafedrasında çalışıb. “Şöhrət” ordeninə layiq görülüb. (1918 -2001)
6. Xalq şairi Ramiz Rövşən də bu gün dünyaya gəlib. O 1946-cı ildə Qubadlı rayonunda doğulub. 80-ci illərin ən çox sevilən və oxunan şairin yaradıcılığı bu gün də diqqətlə izlənilir.
7. Roma imperatoru Neron da bu gün doğulanlardandır. O, bizim eranın 37-ci ilinin 15 dekabrında dünyaya göz açıb.
Bəs bu gün hansı məşhurlar dünyasını dəyişib?
1. Bu gün dünyaşöhrətli Azərbaycan alimi Yusif Məmmədəliyevin xatirə günüdür. 1905-ci ildə Ordubadda anadan olan kimyaçı alim 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqdan sonra 40 yaşındaykən Neft İnstitutunun rəhbəri olub. Akademiyanın ilk 15 həqiqi üzvündən biri seçilən Yusif Məmmədəliyev sonralar (1947-1951 və 1958-1961) Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilib.Əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsinə aiddir. 1941-1945-ci illər İkinci Dünya Müharibəsi illərində SSRİ üçün onun kəşf etdiyi yüksək oktanlı benzin təyyarələrdə istifadəyə son dərəcə qiymətli yanacaq olub.
Y.Məmmədəliyev 1961-ci ilin bu günü 56 yaşında dünyasını dəyişib. (1905-1961)
2. Çobanlıların sərkərdəsi Kiçik Həsən məhz 15 dekabr 1343-cü ildə dünyasını dəyişib.
3. Osmanlı sultanı ll Səlim də 15 dekabr 1574-cü ildə vəfat edib.
4. Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov 15 dekabr 1990-cı ildə şəhid olub.
Surxay Atakişiyev,Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 15.12.2022
BİZİM TƏQVİM: Tarixin bu günü harada nələr baş verib?
Hazırda oxunan: BİZİM TƏQVİM: Tarixin bu günü harada nələr baş verib?
Hazırda oxunan: BİZİM TƏQVİM: Tarixin bu günü harada nələr baş verib?
109573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.