Parklanma ilə bağlı tariflərin müəyyənləşdirilməsi niyə gecikir?

Hazırda oxunan: Parklanma ilə bağlı tariflərin müəyyənləşdirilməsi niyə gecikir?

109568

“Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir”. 

Bakı şəhərinin bir çox küçələrində yerləşdirilmiş lövhələrdə bu qeyd edilsə də, elə həmin yerlərdə maşın saxlayanlardan “parkovşik”lərin pul adığını görürük. Müxtəlif vaxtlarda sosial şəbəkə platformalarında, eləcə də mediada həmin nəzarətçilərlə ödəniş etməkdən imtina edən sürücülər arasında davaların da şahidi oluruq. Bununla yanaşı diqqət çəkən bir məqam da budur ki, tariflərin müəyyənləşəcəyi günü gözlədiyimiz bu zaman kəsimində ödəniş üçün yerləşdirilimiş parkomatlar da götürülüb və yığılan pulların hara getdiyi XXI əsrin ən sonuncu sirlərindən olaraq qalır.

Vətəndaşları isə ən çox düşündürən sual budur: Tariflərin müəyyən edilməsi niyə gecikir? 

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, küçə parklanma yerlərinin idarə edilməsi barədə təklif Nazirlər Kabinetinə 3-4 il bundan əvvəl təqdim edilib: 

“Küçə parklanma yerlərinin idarə olunması üçün zəruri faktorlar var. Bunlar da təklif halında hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Lakin təsdiqini tapmadığı üçün bu gün mövcud parklanma yerlərindən sürücülərin istifadə etməsi ödənişsizdir”. 

Agentlikdən qeyd edilib ki, həmin yerlərdə kimlərinsə nəzarətçi qismində olması və sürücülərdən vəsait toplaması tam qanunsuzdur və vəsaitlər kimlərsə tərəfindən mənimsənilir: 

“Bu hallar bizi də narahat edir və bu barədə Bakı Nəqliyyat Agentliyi öz mövqeyini dəfələrlə bildirib və dəyişməzdir. Bu gün ödənişsiz olan parklanma zolaqlarında kimlərinsə vəsait toplamasına hüquqi qiymət vermək və qarşısını almaq agentliyin səlahiyyətləri xaricindədir. 

BNA bu məsələ ilə bağlı müvafiq qurumlara – Daxili İşlər Nazirliyi, Baş Prokurorluğa bir neçə dəfə müraciət ünvanlayıb”. 

Bəs, görəsən, Bakı şəhərində yol hərəkətinin təşkilatında iştirak edən Bakı Nəqliyyat Agentliyinin parklanma ilə bağlı təklifi 4 il keçməsinə baxmayaraq, niyə qəbul olunmur? 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının fikrincə, təklif Nazirlər Kabineti tərəfindən qəbul olunmursa, deməli, orada problemlər var: 

“Ona görə də Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabinetinin müvafiq şöbəsi ilə əlaqə yaratmalı, müzakirələr aparmalı, ortaq nəticəyə gəlinməlidir. Məsələ nə sahibkarın, nə agentliyin marağına həll olunmalıdır. Əhalinin, Bakı şəhər sakinlərinin maraqlarına uyğun öz həllini tapmalıdır. Parklanma qiyməti də əhali üçün əlçatan olmalıdır”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinə də sorğu yollamışıq. Parklanma ilə bağlı hansı qaydanın qəbul ediləcəyi haqqında sorğumuzu cavablandırmaqlarını xahiş etmişik. Mövzu diqqətimizdədir.

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin