Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iclasda dövlət başçısının 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2020-ci il ərzində görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr müzakirə edilib.
MÖVZU İLƏ BAĞLI:
Əli Əhmədov Medvedevə məktub ünvanladı
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal məşğulluğun əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaratdığını vurğulayıb.
O, qeydiyyatsız əmək fəaliyyətinin qarşısının alınması sahəsində son illər dövlət tərəfindən sistemli və məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd edib.
“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar dövlət başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul olunub.
Komissiyanın sədri qarşıda duran vəzifələrin icrası, o cümlədən qeyri-formal məşğulluğun xarakterik olduğu sahələr (tikinti, ictimai iaşə, nəqliyyat) üzrə qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu sahələr üzrə nəzarətin, əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, müvafiq mövzuda təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verib.
Bizim.Media