Son günlərdə bankların rubl alışından imtina etməsi ilə bağlı redaksiyamıza bir sıra şikayətlər daxil olub. Adının qeyd olunmasını istəməyən şikayətçilərdən biri qarşılaşdığı problemlə bağlı bunları deyib:
“Rusiyadan göndərilmiş 15 min rubla yaxın vəsaiti Azərbaycan manatına çevirmək üçün “Yelo” banka müraciət etdim. Bankın girişində rublun alış-satış məzənnəsi qeyd olunmuşdu. Eyni zamanda rublun konvertasiyasının dayandırılması ilə bağlı hər hansı xəbərdarlıq yazısı, yaxud rəsmi məlumat da mövcud deyildi. Banklardan sadəcə olaraq bildirdilər ki, biz rus rubulunun məzənnəsini Mərkəzi Bankın tələbinə uyğun olaraq formal qaydada lövhədə əks etdirmişik, mübadilə əməliyyatı isə aparmırıq. Bir həftəyə yaxın müddətdə bir neçə banka müraciət etsəm də, nə fərqli cavab ala, nə də problemə həll tapa bildim”.
Şikayətçi Kapital, Rabitə, VTB və BTB Banklarda oxşar problemlə qarşılaşdığını bildirib.
Bəs, Mərkəzi Bankın valyutaların alışından imtina etməsi ilə bağlı bankların siyasətinə nəzarət mexanizmi və ya normativi varmı? Yoxsa, banklar hansı valyutanın konvertasiya ilə bağlı tamamilə müstəqil qərar verə bilərlər?
Problemin səbəblərini öyrənmək üçün Mərkəzi Banka sorğu ünvanladıq.
Bankın mətbuat katibi Namiq Əliyev Bizim.Media-nın sorğusuna cavab olaraq qeyd edib ki, "Banklar haqqında" Qanuna əsasən, banklarla onların müştəriləri arasında münasibətlər müqavilə əsasında həyata keçirilir.
“Müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuş məhdudlaşdırıcı hallar istisna olmaqla, banklar müştərilərə təqdim etdikləri xidmətlər dairəsini müəyyənləşdirməkdə və müvafiq qərarların verilməsində sərbəstdir”.
Açıqlamadan da göründüyü kimi Mərkəzi Bank bankların valyutadəyişmə əməliyyatlarına dair qərarlarına müdaxilə etmək səlahiyyətlərinə malik deyil.
Lakin, belə olan halda vətəndaşlara rublu kimə satacaqlar?
Təbii ki, banklardan əli üzülən vətəndaşın “qara bazar”a üz tutmaqdan başqa yolu qalmır.
Üstəlik nəzərə almalıyıq ki, Rusiyada yaşayan soydaşlarımızın sayı qeyri-rəsmi statistikaya görə 3 milyon nəfərə yaxındır. Və heç birimizə sirr deyil ki, onların əksəriyyətinin ailələri, yaxınları Azərbaycanda yaşayırlar.
Onların çoxunun da dolanışığı elə Rusiyadan göndərilən vəsaitdən asılıdır. Digər tərəfdən, Rusiyanın bank sektorunun məlum sanksiyalar səbəbindən düşdüyü vəziyyət də məlumdur.
Ona görə də, bankların sözügedən məsələdə daha məsuliyyətli davranması vacibdir.
Mövzunu diqqətdə saxlayacağıq.
Murad Əhmədov, Bizim.Media