Sosial şəbəkələrdən uzaq olan SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

Hazırda oxunan: Sosial şəbəkələrdən uzaq olan SİYASƏTÇİLƏR – ARAŞDIRMA 

108586

Son illərdə sosial şəbəkələrin həyatımızın ayrılmaz parçasına çevrildiyi heç kimə sirr deyil. Bu tendensiya siyasətin rəqəmsal dünyaya daşınmasına da səbəb olub. Artıq siyasətçilərin təbliğat kanalları içərisində sosial media başlıca yer tutmağa başlayıb.

Dünya miqyasında sosial şəbəkələrin siyasətdə rolu artıq o həddə gəlib çatıb ki, Trampın bir tviti ilə tərəfdarları Kapitoli binasını ələ keçirdilər.

Ölkəmizdə də əksər siyasətçilər sosial şəbəkədə fəallıqları ilə seçilirlər. Təbii ki, günümüzdə elektorat və reytinq qazanmaq üçün bunun önəmi olduqca böyükdür. Lakin sosial şəbəkələrdən uzaq qalmış siyasətçilər də var.

Bizim.Media ölkəmizdə siyasilərin daha aktiv olduğu “facebook” platforması üzərindən araşdırma aparıb.

Erkin Qədirli

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, VI çağırış millət vəkili Erkin Qədirli sosial şəbəkələrdən uzaq düşmüş siyasilərimizdəndir. Belə ki, E. Qədirli uzun müddət “facebook”da aktivliyi, maarifləndirici paylaşımları ilə diqqət çəksə də, sonradan sosial şəbəkə hesabını bağladı. Bu gün də bir sıra çağırışlar olsa da, hələlik deputat sosial şəbəkələrdən uzaq durmağa davam edir.

Etibar Məmmədov

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP)-in fəxri lideri hələ də partiyanın üzvü kimi qalsa da, aktiv siyasi fəaliyyətlə məşğul olmur. E. Məmmədovun zaman-zaman siyasi mübarizəyə qayıdacağı ilə bağlı xəbərlər yayılsa da, hələlik, bu iddialar reallığa dönüşməyib. AMİP lideri sosial şəbəkələrdən də uzaqdır.

Zərdüşt Əlizadə

Vaxtilə Azərbaycan Xalq Cəbhəsinin sıralarında təmsil olunmuş, sonradan qardaşı Araz Əlizadə ilə birgə yaratdıqları Azərbaycan Sosial Demokrat Partiyasından da ayrılmış Zərdüşt Əlizadə də sosial şəbəkə istifadəçisi deyil. 

Sərdar Cəlaloğlu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu siyasətlə aktiv məşğul olub, tez-tez mətbuatda görünsə də, eyni fəallığı sosial şəbəkələrdə göstərmir. Adına bir neçə hesab olsa da, uzun müddətdir ki, ADP sədri hər hansı paylaşımı ilə yadda qalmayıb.

Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də sosial şəbəkələrdən uzaq olan siyasilərimizdəndir. Q. Həsənquliyev deputat və partiya sədri kimi aktiv olsa da, sosial şəbəkələrdə eyni fəallığı nümayiş etdirmir. “Facebook”da 15 min nəfərdən çox izləyiciyə malik səhifəsi olsa da, deputat iki ildən çoxdur ki, hər hansı paylaşım etməyib.

İlyas İsmayılov

Ədalət Partiyasının sədri, sabiq Ədliyyə naziri İlyas İsmayılın “facebook” səhifəsi olsa da, 2016-cı ildən bəri hər hansı paylaşımla yadda qalmayıb. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin