Qarabağa səfərlərdə ən çox tələbat Şuşayadır

Hazırda oxunan: Qarabağa səfərlərdə ən çox tələbat Şuşayadır

108373

İşğaldan azad olunan ərazilərə avtobus reyslərinə tələbat əsasən Şuşa şəhərinədir.

Bizim.Media xəbər verir ki, bu barədə Trend.az-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

O bildirib ki, biletlərin satışı çox tez, bəzən hətta ildırım sürəti ilə həyata keçirilir.

"Digər istiqamətlərdə də maraq kifayət qədər yüksəkdir - avtobuslar tam dolur. Agentliyə tez-tez işğaldan azad edilmiş ərazilərə, əsas da Kəlbəcər və Laçına marşrutların nə vaxt açılacağı ilə bağlı suallar və müraciətlər daxil olur. Bir sözlə, əhalinin marağı çox yüksəkdir", - deyə sədr bildirib.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin