QAZDAN ZƏHƏRLƏNMƏ: 10 milyard kubmetr qaz emal olunmadan əhaliyə ötürülür - EKSPERT

Hazırda oxunan: QAZDAN ZƏHƏRLƏNMƏ: 10 milyard kubmetr qaz emal olunmadan əhaliyə ötürülür - EKSPERT

108358

Noyabr ayında qazdan 900-dən çox zəhərlənmə hadisəsi baş verib. Son bir həftədə isə 4 nəfər zəhərlənmədən həyatını itirib. Baxmayaraq ki, soyuqlar yeni başlayıb. Amma qısa zamanda bu qədər zəhərlənmə və ölüm hadisəsi ortaya suallar çıxarır.

Bu qədər zəhərlənmənin səbəbi nədir?

Məsələ ilə bağlı ilkin olaraq neft-qaz üzrə ekspert İlham Şabanın fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, hər il daxili bazarın tələbatı üçün 13 milyard kubmetr qaz ötürülür:

“Ötürülən qazın ən yaxşı halda 3 milyard kubmetri Qaz Emalı Zavodunda emal olunur. Yerdə qalan 10 milyard kubmetr qaz emal olunmadan istehlakçıya ötürülür. Bunun da bir çox ziyanları var. Birincisi odur ki, əgər bu qədər qaz emal edilərsə onda emal prosesində əldə edilən yeni məhsullardan 100 milyonlarla manat qazanmaq olar. Çox təəssüf ki, bunu etmədiyimiz üçün hər il külli miqdarda vəsait itiririk. Digər bir itki isə qazötürücü və qazpaylayıcı stansiyaların tez sıradan çıxmasıdır. Çünki, emal olunmamış qazın tərkibindəki maddələr qaz infrastrukturunu ciddi şəkildə zədələyir”.

Emal olunmamış qazın insan orqanizminə ziyan barədə ekspert fikir söyləməkdə çətinlik çəkdi:

“Bircə onu deyə bilərəm ki, istehlak zamanı texniki qaydalara əməl edilsə, elə bir qorxu yoxdur”.

Tanınmış ekspert Nüsrət Qasımov isə Bizim.Media-ya bildirdi ki, zəhərlənməyə səbəb olan dəm qazı bütün karbohidrogen maddələrin natamam yanmasından əmələ gəlir:

“Bir kubmetr qazın yanması üçün 9,5 kubmetr hava lazımdır. Normal yanma üçün normal bacalar olmalıdır. Çox təəssüf ki, əksər mənzillərdə normal bacalar yoxdur. Ona görə də qazan yanmasından əmələ gələn metan yaxşı sovrulmur. Nəticədə, metan mənzilə yayılır. Bu da zəhərlənməyə səbəb olur. Təsadüfi deyil ki, bütün zəhərlənmə gecə saatlarında olur. Bu da ondan irəli gəlir ki, qaz cihazları nəzarətsiz qalır”.

Nüsrət Qasımov bu məsələdə günahı təkcə istehlakçıda görmür:

“Burda daha çox məsuliyyət Azəriqaz İB –nin üzərinə düşür. Qurum qaydalara əsasən ildə ən azı 2 dəfə texniki baxış keçirməlidir. Bundan əlavə, istehlakçıları davamlı olaraq maarifləndirilməlidir. Amma, heç bir maarifləndirmə işi aparılmır. Əvvəllər bütün binaların girişinə qazla davranışla bağlı bildirişlər yapışdırılırdı. İndi, onlara rast gəlinmir. Mətbuatda da təbliğat işi zəif aparılır. Məhz bunun nəticəsidir ki, qış başlamamış qazdan zəhərlənmə halları günbəgün artır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin