"Azərbaycanın İranla həmsərhəd bölgəsinin, xüsusilə Azərbaycanla İranı birləşdirən Xudafərin körpüsünün erməni işğalından azad edilməsi iki ölkənin əlaqələrinin və ümumən regionun hərtərəfli inkişafına yeni təkan verəcək".
Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə keçirdiyi görüşdə vurğulayıb.
Silahlı Qüvvələrimizin əldə etdiyi uğurları diqqətə çatdıran nazir vurğulayıb ki, hələ 2016-cı ilin fevralında Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində Azərbaycan və İran Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Xudafərin körpüsünün və ətraf ərazilərin işğaldan azad edilməsi bu sazişin bölgənin su və enerji təchizatında müstəsna rol oynamasına imkan yaradacaq.
S.A.Musəvi isə İranla Azərbaycanın dərin tarixi köklərə malik əlaqələrinin daim genişləndiyini bildirib, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib. O, əmək, məşğulluq, sosial müdafə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Bizim.Media