Ömrünü Azərbaycan idmanına həsr edən insan - Bu gün onun yubileyidir  

Hazırda oxunan: Ömrünü Azərbaycan idmanına həsr edən insan - Bu gün onun yubileyidir  

108006

6 dekabr Yasamal rayonu Ağsaqallar Şurasının sədri Cavanşir Qurbanovun 75 yaşı tamam olur. 

Bizim.Media xəbər verir ki, C.Qurbanov hələ gənclik illərindən etibarən idman sahəsində fəaliyyət göstərib, bu istiqamətdə tanınan simalardan birinə çevrilib. Belə ki, 1968-ci ildə idman sahəsində olan C.Qurbanov elə həmin ildə “SSRİ idman ustası” adına layiq görülüb. 

1972-1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. Hərbi xidmətini 1972-1973-cü illərdə Mərkəzi Ordu İdman Klubunda keçən Cavanşir Qurbanov 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü olub. 
C.Qurbanov hazırda təmsil olunduğu Güləş Federasiyasında 1995-ci ildən fəaliyyət göstərir. O, 1995–2006-cı illərdə Güləş Federasiyasının I vitse-prezidenti kimi fəaliyyət göstərib.

Fəaliyyəti dövründə ölkə gəncləri ilə aktiv çalışan C.Qurbanov dövlətimizin idman sahəsindəki uğurlarına öz töhfəsini verib. Bu baxımdan onun 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı və Afina Yay Olimpiya Oyunlarında 5-ci nəticə göstərmiş Rüstəm Ağayevin şəxsi məşqçisi olduğunu demək kifayətdir. 

O, çoxşaxəli fəaliyyəti dövründə idmana aid xırdalıqları təkcə praktiki yox, həm də nəzəri cəhətdən idmansevərlərə çatdırıb. Belə ki, C.Qurbanov həm də idman və bədən tərbiyəsinə aid bir çox elmi-nəzəri-metodik vəsaitlərin müəllifi olaraq tanınmaqdadır. 
Ümummilli Heydər Əliyevin rəhbərliyi dövründən hazırkı dönəmədək C.Qurbanov prezident, Milli Məclis, bələdiyyə seçkilərində, habelə digər mühüm əhəmiyyət kəsb edən hadisələrdə dövlətçilik mövqeyindən çıxış edib, Yasamal və Xızı rayonlarında xüsusi fəallıq göstərib. 

Cavanşir Qurbanov 2020-ci ildən etibarən Yasamal rayon Ağsaqqallar Şurasının sədridir. Onun Şuraya rəhbərliyi dövründə rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən bir sıra ictimai və mədəni işlərdə yaxından iştirak edib, dövlətin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər. 

Onun idman sahəsindəki 50 ildən çox qüsursuz xidməti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib.

Elə buna görə də Cavanşir Qurbanov prezidentin 5 mart 2008-ci il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb. 

Qeyd edək ki, bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildə Cavanşir Kazım oğlu Qurbanovun II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin