Azərbaycan və BƏƏ arasında siyasi dialoq əsasında əlaqələr inkişaf edir - FOTO 

Hazırda oxunan: Azərbaycan və BƏƏ arasında siyasi dialoq əsasında əlaqələr inkişaf edir - FOTO 

107702

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi ölkəsinin 51-ci Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbul zamanı BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi  ölkəsinin yaranma və inkişaf tarixindən bəhs edib, BƏƏ ilə ölkəmizin əlaqələrinin daim genişlənməkdə olduğunu bildirib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dost BƏƏ xalqını 51-ci Milli Günü münasibətilə Azərbaycan Hökuməti adından təbrik edib.

Nazir dövlətlərimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasının iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərindən, onların müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəldiyini vurğulayıb.

S.Babayev bu günədək iki ölkə arasında əməkdaşlığa dair 30-dan çox sənəd imzalandığını, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artdığını qeyd edib.

Dubay şəhərində 2017-ci ildən ölkəmizin ticarət nümayəndəliyinin, 2019-cu ildən “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərdiyini bildirib.

Azərbaycan və BƏƏ Hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edən nazir Azərbaycanın “Expo 2020 Dubai” beynəlxalq sərgisinə dəstək verən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb.

Bildirib ki, dünyanın ən böyük sərgilərindən olan “Expo2020 Dubai"də Azərbaycan “Gələcəyin toxumları” mövzusu ilə geniş pavilyonda təmsil olunub.

Nazir işğaldan azad edilmiş ərazilərimizdə gedən geniş miqyaslı bərpa və quruculuq işlərini, bu prosesdə dost BƏƏ şirkətlərinin də iştirakının arzuolunan olduğunu qeyd edib.

Ötən il Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək layihələrdə BƏƏ-nin biznes dairələrinin də iştirak etməkdə maraqlı olacaqlarına əminliyini bildirib.
S.Babayev birgə səylər  əsasında Azərbaycan və BƏƏ arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin