Qorxunc hadisələrin ANONSU gəlir – Sosioloqdan HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: Qorxunc hadisələrin ANONSU gəlir – Sosioloqdan HƏYƏCAN TƏBİLİ

107519

Sosial şəbəkə təkcə informasiya mənbəyi deyil, həm də əlverişli qazanc platformasıdır. Bəlkə də bu səbəbdən bir çoxları “bomba partlatmaq” istəyi ilə eşitdikləri, mahiyyətini dərk etmədikləri məlumatları sosial şəbəkədə paylaşır, İP qazanmaq istəyirlər. Və yaxud, kimlərsə kiminsə faciəsi üzərində öz PR-nı aparır.

Son günlər həm şəhid Səbuhi Əhmədovun qardaşının, həm meyxanaçı Rəşad Dağlının, həm də tanınmış yazar Əlisa Nicatın ətrafında aparılan kampaniya göstərdi ki, bu trendlər kimlərinsə imici üçün işləyir. Uduzan, ziyan görən tərəfsə təbii ki, gündəm yaradanlar yox, gündəmə gətirilənlər olur. Necə ki, bu gün kompaniyanı başladanlar unudublar ki, şəhidimizin qardaşı və yaxud Rəşad Dağlı hardadır. Onlar özlərinə lazım olanı aldılar və getdilər. 

Əslində vəziyyət o qədər qarışıqdır ki, adam özü də çaşır. Yaxşı, heç kim heç nə haqqında yazmasınmı? Yardım etməsinmi? 

Məsələ də orasındadır ki, texnologiyanın inkişafı bu işə haqqı olanın da, olmayanın da rahat platformasına çevrilib. Hətta intellekti çatanın özü də məsuliyyət hissini itirmiş olur. Çünki üz-üzü, göz-gözü görmür, “cəsarət” fontan vurur. Nəzarət mexanizmi deyilən bir şey isə yoxdur. Olsa da başqa problemi yaranacaq.  

Bu oyunda kim udur, kim uduzur?

Nə yazıq ki, bəzi üzdəniraqlar gündəm yaratmaq, gündəmdə qalmaq üçün hər fürsətdən yararlanmaq istəyir. Bu zamansa həmin adamlar ictimailəşdirdikləri məsələni və yaxud şəxsi hansı faciəvi sonluğa sürüklədiklərinin qətiyyən fərqinə varmır. Əksinə, özlərini xeyirxah və yardımsevər kimi təqdim edirlər. Və ictimailəşdirdikləri məsələni də insanlıq naminə etdiklərini söyləyirlər.

Sosioloq Lalə Mehralı Bizim.Media ilə söhbətində bu məsələdə əsas günahkar kimi sosial şəbəkələri gördüyünü söylədi:

“Sosial şəbəkələrin həyatımıza girdiyi dövrdən sonra çoxları özünü söz sahibi, vacib persona kimi görməyə başladı. Jurnalistin eliyə biləcəyi, eləməli olduğunu qanunlardan və etiket qaydalardan kənar şəkildə sosial səhifə mənsubları etməyə başladı. Əlinə hər telefon alan çəkiliş edib və ora iki söz əlavə edib sosial şəbəbəkə fenomeninə çevrildi. Bir də baxdıq ki, ətrafımızda və cəmiyyətimizdə kifayət qədər “bloger”, “vayner” və “tiktoker” var. Məzmunsuz, bəzən də məsuliyyətsiz paylaşımlar nə yazıq ki, bir çox hallarda belələrinə qazanc da gətirir. Ona görə də çoxları sosial şəbəkəyə həm də qazanc yeri kimi baxır. Pul olan yerdə isə çox zaman mənəviyyat olmur”. 

Lalə Mehralı onu da bildirdi ki, burda çox qorxulu məqamlar da var:

“Sosial şəbəkə fenomenləri təkcə başqalarının həyatını gündəmə gətirmir, həm də başqalarının adından pul qazanır. Bu yaxınlarda bir nəfər instaqramda saxta profil yaradaraq şəhid bacısı adından pul toplayırdı. Sonra həmin şəhid bacısı çıxıb dedi ki, “bu mən deyiləm, kimdirsə fırıldaqçıdır”. Və yaxud, bu yaxınlarda DİN əməliyyat keçirdi, bir taksi sürücüsü saxlanıldı. Bəlli oldu ki, bu taksi sürücüsünün 44 saxta profili var”. 

Sosial şəbəkə zəhmətsiz qazanc yeridir?

Sosioloq bu gün bir çoxlarının sosial şəbəkələrdə zəhmətsiz gəlir əldə etdiyini qeyd etdi:


“Üstəlik, onlar həm də idarəçi olurlar. İndi elə “bloger”, “vayner” və “tiktoker” var ki, onların on minlərlə izləyicisi var. Və belə sosial şəbəkə “fenomenləri” üçün müqəddəs heç nə yoxdur. Əsas odur ki, gündəmdə olsunlar, gündəm yaratsınlar və ən nəhayət pul qazansınlar. Bu isə təkcə sosial problem deyi, həm də qorxunc hadisələrin anonsudur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin