Hansı banklarda qeyri-iş günləri valyuta dəyişmək mümkündür? – SİYAHI

Hazırda oxunan: Hansı banklarda qeyri-iş günləri valyuta dəyişmək mümkündür? – SİYAHI

107445

Valyutadəyişmə məntəqələrinin qeyri-iş günlərində fəaliyyət göstərməməsi bir çox insanın işini çətinləşdirir. Bu istər yerli əhali, istərsə də ölkəyə gələn qonaqlar üçün müəyyən problemlər yaradır. Mövcud vəziyyəti bu günlərdə Milli Məclisin deputatı Rüfət Quliyev də gündəmə gətirib:

“Şənbə və bazar günləri banklar işləmir. Ancaq şənbə və bazar günləri, o cümlədən bayram günləri banklarla bağlı olan valyutadəyişmə məntəqələrinin işləməməsi düzgün deyil, insanlar, turistlər valyutanı harada dəyişsinlər?”.

Deputat bildirib ki, Azərbaycana gələn turistlərin sayı artıb, bu gün-sabah sərhədlər də açılacaq: 

“Biz turist ölkəsinə çevrilirik və turistlərin rahatlığı üçün bu addımlar atılmalıdır. Eyni zamanda qanunvericiliyə uyğun olaraq icazə və sənədlər əsasında valyutadəyişmə məntəqələrinin sayının artırılmasına ehtiyac var”.

Bizim.Media problemin aktuallığını nəzərə alaraq “həftəsonları və bayram günlərində valyutadəyişmə məntəqələriniz fəaliyyət göstərirmi?” sualı ilə banklara sorğu göndərib.

Beləliklə: 

Bank of Baku: “Bankın filialları şənbə günü səhər saat 10-dan günorta 3-ə qədər bank əməliyyatlarını, o cümlədən də valyuta dəyişdirilməsi əməliyyatını həyata keçirir. Bayram günlərində isə bəzən fəaliyyət göstərsə də bəzi bayram günlərində fəaliyyət göstərmir. Bank hansı gün açıq olursa, həmin günlərdə valyutadəyişmə də aktiv olur”. 

Muğan Bank: “Valyuta dəyişmə məntəqələrimiz qeyri-iş günlərində fəaliyyət göstərmir”. 

Rabitə Bank: “ATM Exchange”xidməti - müştərilərə 24/7 zaman aralığında, hətta bayram və qeyri-iş günlərində USD və EUR əskinaslarını AZN valyutasına dəyişmə imkanı verir, ancaq USD və EUR əskinasların alışı mümkündür. Bu xidmət hal-hazırda yalnız yeni nəsil NFC bankomatımızda təqdim edilir. Valyuta dəyişmə əməliyyatı Xəzinədarlıq departamentinin təqdim etdiyi bankın gündəlik USD və EUR valyuta alışı kursu ilə tənzimlənir”. 

Turan bank: "Qeyri-iş günləri valyutadəyişmə məntəqələri işləmir".

Kapital Bank: “Bayram günləri Sahil filialı, “Bravo” supermarketlər şəbəkəsində, “Mall”lardakı valyutadəyişmə məntəqələrimiz işləyir. Saytımızda bu barədə ətraflı qeyd olunub”. 

Xalq bank: “Filiallarımız yalnız iş günləri fəaliyyət göstərir”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin