“Əzabla yaşayacam və bu əzab mənə ömürlük cəza olacaq” – Ərini öldürən qadın 

Hazırda oxunan: “Əzabla yaşayacam və bu əzab mənə ömürlük cəza olacaq” – Ərini öldürən qadın 

107429

Bakının Hövsan qəsəbəsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadə barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.  

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseyninin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.  

Qərara görə, Gülnar Vəlizadənin cəzasının yüngülləşdirilməsi barədə verdiyi apellyasiya şikayəti təmin olunmayıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan mərhum edilib. İttihama görə, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 
1990-cı il təvəllüdlü Elşən Əlizadə həyat yoldaşı 1991-cı il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən bıçaqlanıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülnar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2012-ci ildə Azərbaycan Texniki Universitetini bitirib:

“Mərhum ərim Elşənlə həmin universitetdə təhsil alarkən tanış olmuşuq. Bir-birimizi sevib, 2014-cü ildə ailə qurmuşuq. Uzun müddət kirayə evlərdə və atamın himayəsində yaşayıb, böyük maddi çətinliklər çəkmişik. Daha sonra qızıllarımı və mebellərimi satdım. Həmçinin Elşənin valideynlərinin etdiyi maddi köməkliklə Hövsan qəsəbəsində özümüzə ev aldıq. Ev bir otaqdan, mətbəx və hamamdan ibarət idi. Ev alanda hər ikimiz çox sevindik, maddi vəziyyətimizin də tezliklə düzələcəyinə ümid edirdik. Amma vəziyyətimiz ağır olaraq qaldı. Daim maddi sıxıntı içərisində olduq”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, Elşən dost-tanışlarından müxtəlif məbləğlərdə borclar alıb, dostu Azadın qardaşından isə kreditə kombi götürüb:

“Amma borcları qaytara bilmədi. Borclular artıq qapıya gəldiyi üçün əsəbiləşdim. Aramızda maddi sıxıntılara görə dəfələrlə mübahisələr olurdu. Daha sonra Elşən Hövsan qəsəbəsində “Oba” marketə satıcı kimi işə düzəldi. İşə təzə düzəldiyindən hələ maaşını almamışdı. Maddi baxımdan sıxıntı yaşadığımız üçün evdə arabir deyinirdim. Hər dəfə vəziyyətin nə vaxta kimi belə olacağını deyirdim. Elşən də hər dəfə əsəbiləşərək məni uşaqların gözü qarşısında döyürdü. Əlləri ilə boynumdan tutaraq boğurdu. Uşaqlarımız da atalarının hərəkətlərindən qorxurdu. Bəzi hallarda isə əsəbi vəziyyətdə Elşən uşaqları da döyürdü”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 30-da səhər saat 8 radələrində Elşən işə gedib:

“Saat 13 radələrində evə gəldi, dişi ağrıdığı üçün çarpayıya uzanaraq yatmaq istədi. Amma onu yatmağa qoymadım, uşağın beşiyini necə qırıbsa, elə də düzəltməsini tələb etdim. O da yorğun olduğu üçün yatacağını dedi. Aramızda mübahisə yarandı. Elşən uşaqların gözü qarşısında otaqda məni döydü, təpiklə ayağıma vurdu və sağ əli ilə boğazımdan tutaraq boğmağa başladı. Get-gedə nəfəsim kəsildi, gözlərim qaraldı.

Güclə də olsa Elşənin əlindən çıxdım, mətbəx mebeli hazır olmadığı üçün çarpayının altında ləyənə yığdığım qab-qaşığın içindən gündəlik işlətdiyim bıçağı götürdüm. Bıçağı Elşənə tərəf yellədim. Solaxay olduğum üçün bıçaq da sol əlimdə idi. Anidən bıçağın Elşənin sinəsinə batdığını, qan axdığını gördüm. Elşən çöməlib yerə oturdu. Mən tez onun yarasına pambıq qoydum”. 
Gülnar deyib ki, onun Elşəni öldürmək məqsədi olmayıb. Onun ifadəsinə görə, əvvəllər də Elşən onu döyəndə bıçaqla bir neçə dəfə onu qorxudub:

“Bu dəfə də sadəcə bıçaqla qorxutmaq istədim. Amma təsadüfən özüm də bilmədən bıçağı Elşənə batırdım. Əməlimdən çox peşmanam. Bütün həyatmı alt-üst oldu. Bütün dava-dalaşlara baxmayaraq sonadək Elşəni sevmişəm. Hələ də nə qədər böyük faciəyə bais olduğumu dərk edə bilmirəm. İki körpə övladım hazırda qaynanamın himayəsindədir. Özümü bağışlaya bilmirəm. Ölənədək bağışlamayacağam. Əzabla yaşayacam və bu əzab mənə ömürlük cəza olacaq”. 

İstintaq orqanı tərəfindən Gülnar Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin