Parkinq BAHALAŞSA, tıxac problemi həll olunacaq? – Ekspertin RƏYİ

Hazırda oxunan: Parkinq BAHALAŞSA, tıxac problemi həll olunacaq? – Ekspertin RƏYİ

107144

“Pik saatlarda nə metrodan, nə də ictimai nəqliyyatdan istifadə etmək mümkün olur. Mən şəxsən cəhd etdim. Ancaq əvvəllər saat 8-9-da çətin idisə, indi saat 10-da belə metroda yer tapmaq çox çətin oldu, 3-4 qatar buraxmalı oldum”.

Bunu Milli Məclisin 29 noyabrda keçirilən iclasında Bakının tıxac probleminə diqqət çəkən deputat Naqif Həmzəyev deyib. O, məsələyə ciddi yanaşmaq lazım olduğunu deyib: 

“Nəzərə almaq lazımdır ki, Bakıda insanların sayı artıb. Əvvəlki rejimlə metronun və ya ictimai nəqliyyatın işləməsi bu problemi həll edə bilməz. Məktəblərdə payız tətili zamanı Əhmədlidən şəhərin mərkəzinə 15 dəqiqəyə gəlməyin mümkünlüyünün şahidi olmuşam.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda nəqliyyat probleminin həlli ilə bağlı xüsusi tapşırıq verilib – RƏSMİ 


Birbaşa olaraq tıxac məhz məktəb və məktəbdə təhsil alan şagirdlərimizlə bağlıdır. Çünki hər evdən bu uşaqları məktəbə gətirmək üçün bir avtomobil çıxır. Təklif edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun. İctimai nəqliyyatda da avtobusların sayı artırılmalıdır”. 

Maraqlı təklifdir, amma nə qədər realdır? Bu vəziyyətdən çıxış yolu ola bilərmi? 

Məsələ ilə bağlı Bizim.Media-nın sualını cavablandıran nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bu problemdə təsiredici amillərdən biri parkinq siyasətidir: 

“Düzdür, deputat belə bir fikir səsləndirib, amma mən bu yanaşmaya “hayp tutmaq” kimi baxıram. Biz milyonluq şəhərdən danışırıq. 4 ildir ki, parkinq siyasəti başlıbaşına buraxılıb. Parkinq siyasəti dedikdə parklanmanın qiyməti nəzərdə tutulur. Bu, vətəndaşın prioritetinə birbaşa təsir edəcək bir qərardır. Burada söhbət parklanmanın şəhərin mərkəzində daha baha, kənarda daha ucuz olmasıdır”. 

Ekspert qeyd edib ki, şəhərdə mikromobillik vasitələri inkişaf etdirilmir: 

“Mövcud yol şəbəkəsi daxilində müəyyən dəyişikliklər etməklə zolağı sıxışdırıb qalan sahəyə velozolaq təşkil etmək olar. Avtobuslar üçün zolaq təşkil edilsə də buna nəzarət zəifdir. Bu halda məktəblərin problem olmasını demək fəsadlara söykənmək, səbəblərdən qaçmaqdır”. 
Rauf Ağamirzəyev bildirib ki, şəhərin mobilliyini təmin etmək üçün daha çox sərnişin daşıyan nəqliyyat növləri təqdim edilməlidir.

Ekspertin sözlərinə görə, mövcud problemin həlli yolu ona yanaşmanın dəyişməsidir: 

“Şəhərin ən bahalı resursu torpaqdır. Reallığı dəyişmək, radikal addımlar atmaq lazımdır. Bu halda vətəndaş maşınını saxlamağa görə xərclərini bildiyi üçün buna uyğun hərəkət etmiş olacaq”. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin