Qan analizi verərkən BU TƏHLÜKƏLƏR var – Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Qan analizi verərkən BU TƏHLÜKƏLƏR var – Həkimdən XƏBƏRDARLIQ

106940

“Qan analizlərinin dürüst nəticələrini əldə etmək üçün bir çox məqamlara diqqət yetirmək lazımdır. Bu həm xəstəliyin diaqnozunun qoyulmasına və həmçinin müalicə tədbirlərinin seçilməsi üçün olduqca vacibdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimova açıqlamasında bildirib. Həkimin sözlərinə görə, qan analizinə hazırlıq prosesi aparılacaq tədqiqatdan birbaşa asılıdır və bunu müalicə həkimi müəyyən etməlidir:

“Yəni, ən doğru yol odur ki, laborator müayinəyə həkim göndərişi ilə müraciət olunsun. Eyni zamanda, həkim analizləri verməzdən əvvəl hazırlıq tövsiyələri haqqında xəstəni məlumatlandırmalıdır.

Bu tövsiyələr ümumi və ayrı-ayrı göstəricilər üçün xüsusi xarakter daşıyır. Adətən ümumi və biokimyəvi analiz üçün qanın səhər saatlarında götürülməsi tövsiyə olunur.

Qan almadan öncə ən az 8 saat, optimal olaraq isə 12 saatlıq aclıq müddəti tələb olunur və qanalmadan öncə yalnız su içilməsinə icazə verilir. Qanalmadan əvvəl saqqız çeynəmək və ya siqaret çəkmək arzuolunmazdır. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir”.

K.Kərimova həmçinin dərman qəbul edən şəxslərin qan analizi verərkən diqqətli davranmalı məqamlara toxunub. Həkim qeyd edir ki, analiz üçün dərman qəbuluna başlamazdan əvvəl və ya onların qəbulunun dayandırılmasından ən az 10-14 gün keçdikdən sonra qan alına bilər:
“Hər hansı bir dərman müalicəsinin effektivliyinə nəzarət etmək məqsədilə analiz dərmanın qəbulu müddətində və son qəbulundan 7-14 gün sonra təkrar aparılması məqsədyönlü hesab edilir. Əgər hər hansı bir dərman preparatı daimi olaraq qəbul edilirsə və həmin preparatın qan analizində yoxlanılacaq göstəricilərə təsiri yoxdursa, onun qəbulu davam etdirilə bilər. Ümumi qaydalar bütün qan analizlərinin növlərinə aiddir, lakin bəzi tədqiqatlar xüsusi hazırlıq və əlavə məhdudiyyətlər tələb edir ki, bu məhdudiyyətlər artıq müalicə həkimi tərəfindən qoyulmalıdır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin