Ruben Vardanyan Xankəndiyə yerləşəndən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan tam incik düşüb. Anlayıb ki, Moskva heç zaman onu cani-könüldən dəstəkləməyəcək.
Ona görə də Nikolun Qarabağ məsələsinə bir dəfəlik son qoymaq istədiyi hiss olunur. Vardanyanın orada qalmasının hakimiyyəti üçün ciddi təhlükə olduğunu anlayan Paşinyan öz variantlarını Qərbin istəyi ilə uzalaşdırmağa başlayıb. Bu yeganə yol, Qarabağ məsələsini birdəfəlik həll etməkdir.
Amma necə?
44 günlük müharibədən əvvəl Azərbaycanın sinirləri ilə oynayaraq, onu müharibəyə təhrik etdiyi kimi, indi də Qərbin göstərişi ilə beynəlxalq layihələrə mane olan sərhəd münaqişlərindən xilas olmağın vaxtı çatıb. Zəngəzur dəhlizi bundan artıq gözləyə bilməz və Qərb də buna möhtacdır.
Bu mənada ermənilər tərəfindən son atəşkəs pozuntuları, xüsusən də onların Şuşa ətrafında aktivləşmək cəhdləri birmənalı şəkildə Azərbaycanı konkret addım atmağa məcbur edir.
Bu isə Qarabağın digər ərazilərinin də bütünlüklə Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcək. Burada ciddi işlənilmiş bir plan var.
Bu planın icrası isə yenə Paşinyana həvalə olunub. O bu dəfə həm Qərbə, həm də özünə işləyəcək. Nəticədə isə Nikol süddən çıxan ağ qaşıq kimi günahsız görünəcək və xalqı tərəfindən linç edilməyəcək.
Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev də bildirir ki, mövcud situasiyada Vardanyan və Rusiya xofundan xilas olmaq və öz hakimiyyətini qoruyub saxlamaqdan ötrü Paşinyan üçün yeganə variant Qarabağ məsələsinə birdəfəlik son qoymaqdan keçir:
“Hazırda Rusiyanın Ermənistan və Qarabağa həddən çox müdaxilə etdiyi sezilir. Rusiya Azərbaycan atalar misalında deyildiyi kimi, “Nə yardan doyur, nə də əldən qoyur”. Bir tərəfdən, Moskva Ukraynanın işğal edə bilmir, digər tərəfdən Qafqazı da əldən buraxmaq istəmir. Moskva sülhməramlıların əlilə Qarabağ ərazisində hakimi mütləq olmaq istəyir. Ona nail olmadığına görə isə çalışır ki, Ermənistanda dövlət çevrilişi etsin. Bu ssenari realdır. Çünki Ruben Vardanyan Rusiyanın Hərbi Kəşfiyyat İdarəsinin ssenarisilə Qarabağa gəlib. Əslində onlar gözəl bilir ki, Arutyunyanın onunla əvəzlənməsi heç nəyi dəyişməyəcək.
Çünki Azərbaycanın iradəsi ortadadır. Amma Kreml Qarabağda anti-Paşinyan hökuməti formalaşdırmaq istəyir. Ona görə də Vardanyanın ətrafına Moskvaya sadiq adamları yığmağa çalışırlar.
Paşinyan da anlayır ki, Kreml onu devirib yerinə Vardanyanı gətirmək istəyir. Ona görə də mövcud situasiyada Vardanyan və Rusiya xofundan xilas olmaq üçün Paşinyan üçün ən yaxşı variant Qarabağ məsələsinə birdəfəlik son qoymaqdır”.
Rüfət Sultan, Bizim.Media