Şəki ipəyindən hazırlanan kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycanda kəlağayı istehsalının hələ qədim dövrlərdən başladığı məlumdur.
Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı.
Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı Şimal-Qərbdə yerləşən İsmayıllı rayonunun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılıb.
Kəlağayının daha çox məhz bu bölgələrdə toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz Şəki ipəyidir. Kəlağayının hazırlandığı bu unikal parçanın yaranması özü böyük prosesdir, tarixi isə çox qədimdir.
Azərbaycanda ipəkçilik ta qədim zamandan təşəkkül tapıb böyük inkişaf yolu keçib. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olub. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilir.
Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur.
Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıda əks olunan naxışlar özündə böyük məna ehtiva edir. Kəlağayının üzərində həkk olunmuş naxışlar öz qüdrəti, dərin mənası hesabına yüz illərdir ki, dəyişilməz olaraq qalır. Naxışlar içərisində daha çox butalar üstünlük təşkil edir ki, bu da Azərbaycan ornament sənətində ən çox yayılmış bəzək elementlərindən biridir.
Hər bölgənin kəlağayısı digərindən əsasən haşiyəsindəki ornamentlərə görə fərqlənir. Şəki kəlağayıları içərisində “Şah buta”, “Saya buta” və “Xırda buta” çeşnilərindən daha çox istifadə olunur. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar da vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanıb.
Müxtəlif illərdə Azərbaycanda səfərdə olmuş A.Oleari, A.Cenkinson, E.Çələbi, A. Düma, F.Kotov kimi səyahətçi və diplomatlar öz qeydlərində kəlağayı haqqında söz açmışlar.
İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə kəlağayıya olan böyük tələbat bu qədim sənət növünü indiyədək yaşadır. Bu gün Şəki şəhərində bu işi davam etdirən sülalələr böyük məmnuniyyətlə kəlağayı istehsal edir. Müxtəlif illərdə Şəkidən çıxmış sənətkarlar yalnız Azərbaycanın digər bölgələrində deyil, eləcə də Gürcüstanda, Türkmənistanda, İranda, Rusiyada və Özbəkistanda da kəlağayı istehsalının təməlini qoyublar.
Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Tural Rasim oğlu, Bizm.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 26.11.2022
Azərbaycan KƏLƏĞAYISI GÜNÜ – Milli baş örtüyümüzlə bağlı AZ BİLİNƏN FAKTLAR
Hazırda oxunan: Azərbaycan KƏLƏĞAYISI GÜNÜ – Milli baş örtüyümüzlə bağlı AZ BİLİNƏN FAKTLAR
Hazırda oxunan: Azərbaycan KƏLƏĞAYISI GÜNÜ – Milli baş örtüyümüzlə bağlı AZ BİLİNƏN FAKTLAR
106403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.