Mübariz Qurbanlının qardaşını şantaj edən qadının ifadələri - MƏHKƏMƏ İŞİ

Hazırda oxunan: Mübariz Qurbanlının qardaşını şantaj edən qadının ifadələri - MƏHKƏMƏ İŞİ

106402

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Elnur Eldarov ifadə verib.  

O bildirib ki, 2011-ci ildən yaşadığı Quba rayonu Çiçi kəndində kafe işlədir, həmin kafeyə gələn bütün həmkəndliləri ilə münasibətləri yaranıb. O deyib ki, həmin kənddə yaşayan Ümman və İlqar qardaşlarını da uzun müddətdir tanıyır.

Təqsirləndirilən şəxs qeyd edib ki, eyni kənddə yaşayan Natiq Nuriyev də işlətdiyi kafeyə 2021-ci ilin yaz-yay aylarında tez-tez gəlib:

“Natiq kafedə əsasən pivə içkisi sifariş verirdi. 2021-ci ilin iyul ayında Natiqin 86 manat kafeyə borcu yaranmışdı. İyul ayında özümə məxsus traktorun təmiri üçün “Accesbank”dan 4 min manat kredit götürdüm. Pulu götürməzdən əvvəl bankdan kafeyə baxışa gələndə Natiqin də xəbəri oldu. Bir neçə gündən sonra bankdan pulu götürəndə Natiq xahiş etdi ki, ona 200 manat borc verim. Natiqə 200 manat borc verdim. O da ən geci bir həfətəyə borcunu qaytaracağına söz verdi. Lakin bir həftədən sonra Natiqin telefonlarına zəng çatmadı. Onu təxminən 2 ay tapa bilmədim”.  

Təqsirləndirilən şəxs qeyd edib ki, Ümmandan 8 min manat borc pul istəyib. Onun sözlərinə görə, Ümmandan ona pul gəlməli olduğunu deyib və pul gələndə ona borc verəcəyini deyib.

Elnur Eldarov ifadəsində Tariyel Qurbanovu  tanımadığını, ondan hədə-qorxu yolu ilə pul tələb etmədiyini deyib. Bildirib ki, Ümman Əliyevin də ondan pul tələb etməsi və almasından xəbəri olmayıb. O, əməlindən peşman olduğunu söyləyib.

Digər təqsirləndirilən Ələkbər Nuriyev bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Hazırda ailəli olduğunu söyləyən təqsirləndirilən şəxs ona qarşı verilən ittihamla razı deyil. Qeyd edib ki, kənddə iş olmadığı üçün Bakı şəhərinə gəliblər və paytaxtda müxtəlif yerlərdə işləyiblər.  

Ələkbər Nuriyev deyib ki, Ümmandan borc pul istəyib:

“Ümman ona pul göndəriləcəyini, həmin puldan mənə verəcəyini bildirdi. Amma pulun kimdən gələcəyini bilmədim”.  

Daha sonra təqsirləndirilən Sahilə Məmmədova ifadə verib. O bildirib ki, bacısı Lyudmila, oğlu Allahverdi və bacısının qeyri-rəsmi münasibətdə olduğu Natiq Nuriyev ilə birlikdə yaşayıb.

Onun sözlərinə görə, Lyudmila Natiqlə birgə onun yaşadığı ünvana təxminən 2022-ci ilin yanvarında qonaq gəlib və onun təkidi ilə birgə yaşamağa başlayıblar:

“Onlara bildirdim ki, Natiq də özünə iş tapar və birlikdə yaşamaq çətin olmaz. Lakin Natiq iş tapmaqda çətinlik çəkdi. Buna görə də maddi cəhətdən sıxıntılar yaşadıq. Natiq birgə yaşamağa başladığımız yanvar ayından gah gündəlik iş taparaq işləyib, gah da günlərlə işsiz qalıb. Birgə yaşadığımız vaxtlardan təxminən fevral ayında Natiq mənə bildirdi ki, Tariyel adlı imkanlı şəxs var, əvvəllər Ümman və İlqar adlı şəxslər ona hədə-qorxu gəliblər, pul alıblar. Natiqin deməsinə görə, həmin şəxsin Ümman və İlqar qardaşlarında hamamda çəkilmiş şəkil və videoları var. Həmin şəkil və videoları yayacağı ilə bağlı hədələyərək həmin şəxsdən pul alıblar. Natiq təklif edirdi ki, həmin şəxsə zəng edək, yalandan şəkil və videolarının bizdə olmasını bildirək, təxminən 3-5 min manat alaq”. 

Sahilə Məmmədova qeyd edib ki, günlər keçidikcə işləri yaxşı getməyib, üstəlik də oğlu Allahverdi də xəstələndiyindən dərmanların alınması üçün təxminən 200-300 manat lazım olub:

“Eyni zamanda, evin kitayə pulunu da artıq üç ay olardı ki, verə bilmirdik. Bir tərəfdən də Natiq iş tapa bilmirdi, ciddi maddi sıxıntılar yarandı. Natiq də hər gün israr edirdi ki, həmin imkanlı şəxsə zəng edib, ondan pul istəyək. Fevralın 25-də yenə də ev sahibi zəng etdi, kirayə pulunu istədi. Natiq də həmin gün yenidən imkanlı şəxsə zəng edib, pul almağı təklif edən zaman onun bu təklifini qəbul etməyə qərar verdim.

Razılaşandan sonra Natiq məni öyrətdi ki, həmin şəxsə zəng edib, Ümmanın sevgilisi olduğumu, ona aid şəkil və videoların məndə olduğunu bildirim və şəkilləri yaymamaq üçün pul istəyim. Evdə bacımın telefonunu aldım, Tariyel müəllimin votsap proqramına səs atdım. Həmin səs yazısında bildirdim ki, salam Tariyel müəllim, mən Ümmanın sevgilisiyəm, sizin şəkil və videolarınızın olduğu telefon məndədir, uşağıma görə mənə pul lazımdır, əgər həmin pulu versəniz, şəkil və video olan telefonu tualetə atacam. Lakin Tariyel müəllim həmin səsə qulaq asdıqdan sonra nömrəni “qara siyahıya” atdı. Onunla bir daha əlaqə saxlaya blimədim. Bacım həmin vaxt yatdığı üçün bu söhbətlərdən xəbəri olmayıb”.  

Sahilə Məmmədova qeyd edib ki, fevral ayında Natiqdən onunla Ümmanın Tariyel adlı şəxslə danışmasını, Ümmanın ayağının sınması barədə yalan məlumat verib, müalicəsi üçün dəqiq məbləğdə bilmədiyi pul istədiklərini eşidib. 

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər. 

Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. 

Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub. 

Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır. 

Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin