Sumqayıtda 24 yaşlı kişi binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb.
Bu barədə Bizim.Media Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, FHN-in qaynar telefon xəttinə Sumqayıt şəhər, 26-cı məhəllədə dördmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1998-ci il təvəllüdlü Həsənov Nahid Eyvaz oğlu dördmərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq 2-ci mərtəbədəki mənzilin artırma hissəsinin üzərinə düşüb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən və avtonərdivandan istifadə etməklə vətəndaşa müvafiq köməklik göstərərək aşağı düşürüb, təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bizim.Media