Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti bölüyünün əməkdaşı Ramil Hacıyev ifadə verib.
Qeyd edək ki, Ramil Hacıyev Gülnar Qaraxanova və iki azyaşlı övladını qətlə yetirməmişdən əvvəl həmin evə gedən polislərdən biri olub.
Məlumata görə, Qaraxanovlar ailəsində səs-küy yaranıb və bu barədə polisə məlumat verilib. Polis səs-küy yaranan ünvana gəlsə də, onlara qapını açan olmayıb.
Hakimin dediyinə görə, hazırda məhkəməyə dəvət olunan polis əməkdaşı Ramil Hacıyev məhkəmənin öz təşəbbüsü ilə dindirilir. Ramil Hacıyev məhkəmədə hadisədən əvvəl baş verənləri danışıb. O deyib ki, həmin gün ərazidə xidmətdə olan polis əməkdaşlarından biri olub.
Şahidin sözlərinə görə, həmin ünvanda ailə münaqişəsi zəminində mübahisə yarandığını, səs-küy olması barədə polisə məlumat daxil olub:
“Mən də ərazidə olduğum üçün qeyd olunan ünvana getdim. Qapını döydüm, bir azyaşlı uşaq cavab verdi. Qapının bağlı olduğunu dedi. Dedim ki, atana de, qapını açsın. Uşaq bildirdi ki, atam içkilidir, yatıb, oyatsaq, bizi yenə də döyəcək. O zamana anasını çağırmasını bildirdim. Dedi ki, anam da gəlmir. Qapını açan olmadı. Orada olan qonuşlardan biri dedi ki, qadın başı bağlı adamdır, elə də qabağa çıxmır. Elə bu vaxt uşaq bildirdi ki, şikayətimiz yoxdur, gedə bilərsiz”.
Ramil Hacıyev qeyd edib ki, qapının ailə tərəfindən açılmaması barədə bölməyə məlumat verib:
“Bildirdik ki, Fövqəladə Hallar Nazirliyi məlumatlandırılsın, bağlı qapı arxasında azyaşlı uşağın qalması barədə əraziyə xilasedicilər cəlb olunsun. Bölmədən də xilasedicinin gəlməsi barədə məlumatlandırıldı. Xilasedicilər gələrkən əlaqə saxladılar. Onlara vəziyyəti izah etdik. Bildirdik ki, içəridə uşaqlar var, valideyləri də yanlarındadır, amma qapını açmırlar. Bu zaman xilasedicilər bildirdilər ki, azyaşlının yanında valideynləri varsa, biz müdaxilə edə bilmərik. Onlar yoldan geri qayıtdılar”.
Hakim isə bildirdim ki, azyalı qapının arxasında şəxs tərəfindən öyrədilib və bunu polis əməkdaşı kimi bilməyidiz? Hakim polisə qapının niyə sindırmamasının səbəbini soruşub.
Polis əməkdaşı isə deyib ki, qapı dəmirdən olub və sınıdırlması mümkün deyildi. O, həmçinin bildirib ki, hər ailə münaqişəsinə görə qapı sındırmırlar:
“Orada olan qonşularda dedilər ki, real təhlükə görmürük. Heç bir səs-küy də yox idi. Buna görə də qapının sındırmağa belə əsas görmədik”.
Hakim isə polisə bildirib ki, əgər qapı sındırılmış olsaydı, bu gün belə bir ağır faciənin baş verməsi də mümkün olmazdı. Hakim onu da əlavə edib ki, Azərbaycanda bu hadisə son illərin ən ağır faciəli hadisədir.
Hakim qeyd edib ki, son illər bundan ağır faciəli hadisə baş verməyib. O, işin ciddi araşdırılmasını, polis əməkdaşları ilə danışan qonuşların da məhkəməyə dəvət olunmasının vacib olduğunu deyib.
Əhəd Əliyev yenə də qətl hadisəsinin törətmədiyini deyib. O bildirib ki, istintaq zamanı döyülməsi səbəbindən cinayəti törətdiyini etiraf edib:
“Orada 7-8 dəqiqə olmuşam. Gülnarədən bank kartının onda olub-olmadığını soruşmaq üçün getmişdim. Dedi ki, məndə deyil, mən də oradan getdim. Üstümdə “Sobraine” siqareti almışdım. Çəkdim, kötüyünü külqabına atması üçün uşağa verdim”.
Hakim bildirib ki, Əhəd Əliyev siqaretin kötüyünü uşağa verdiyini desə də, ekspert rəyində külqabının yanında siqaretin küllərinin olduğu göstərilib.
Bundan əlavə Əhəd Əliyev ifadəsində Gülnarənin evinə getdikdə ondan 7 manat pul aldığını deyib. Dövlət ittihamçısı isə bildirib ki, növbəti gün Əhədin özünə yeni telefon aldığı və evinin kirayə pulunu ödədiyi məlum olub.
Əhəd Əliyev isə bildirib ki, həmin evdə siqaret çəkib və sonra siqaretin kötüyünü atmaq üçün qətlə yetirilən azyaşlı qıza verib. Əhəd Əliyev deyib ki, azyaşlının həmin siqareti kül qapına və yaxud zibil qutusuna atmasından xəbəri olmayıb.
Hakim isə cinayət işinin istintaqını aparan müstəntiqin də növbəti məhkəməyə dəvət olunacağını deyib. Bildirib ki, işdə olan videolarda kəsirlər var, müstəntiq bunun səbəbini məhkəmədə izah etməlidir.
Növbəti proses dekabrın 8-də davam edəcək.
İttihama görə, bu ilin fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı qəsdən öldürülüb. Aparılmış istintaqla, zərərçəkmişlərin qohumu 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub.
Qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.
Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:42 / 25.11.2022
Bakıda ana və iki övladının qətli ilə bağlı yeni DETALLAR
Hazırda oxunan: Bakıda ana və iki övladının qətli ilə bağlı yeni DETALLAR
Hazırda oxunan: Bakıda ana və iki övladının qətli ilə bağlı yeni DETALLAR
106218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.