Prezident İlham Əliyevin göstərişinə əsasən Ermənistan silahlı qüvvələrinin işğalından azad edilən Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlayıb. Bərpa işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, ümumi uzunluğu 29 km olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq qurulur. Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.
Yolun tikintisi Suqovuşan su anbarından Tərtər şəhərinə doğru uzanan və uzun illərdən sonra suyuna qovuşan kanalın kənarı ilə aparılır.
Qeyd edək ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı bərpa olunur və yeni yol əsası inşa edilir.
Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.
Bizim.Media