Bu gün Oskanyan, sabah Köçəryan... - Rusiya bölgədə özünü hörmətdən salır – TƏHLİL

Hazırda oxunan: Bu gün Oskanyan, sabah Köçəryan... - Rusiya bölgədə özünü hörmətdən salır – TƏHLİL

106092

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fəaliyyətini davam etdirən qondarma qurum daxilində böhranlı vəziyyət yaranıb. Belə ki, separatçı rejimin yeni dövlət naziri, milyarder Ruben Vardanyan 9 nazirdən 5-nin vəzifədən azad ediləcəyini elan edib. Vəzifəsini itərəcək məmurlar içərisində qondarma rejimin xarici işlər naziri David Babayan da var.

Maraqlıdır ki, artıq qondarma rejimdə yeni vəzifələrə kimlərin təyin olunacağı ilə bağlı ehtimallar da irəli sürülməyə başlanılıb. Xüsusilə, qabardılan adlar siyahısında Ermənistanın sabiq xarici işlər nazirləri olmuş Vardan Oskanyan və Ara Ayvazyanın da adları var.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidə daha bir sensasiya: Köçəryanın sağ əli xarici işlər naziri təyin olunacaq


Vardanyan Vardanı çağırır

Oskanyan 1998-2008-ci illərdə, Robert Köçəryanın iqtidarı dönəmində xarici işlər naziri vəzifəsini icra edib. Yəni, danışıqların ən çətin mərhələsində faktiki olaraq proseslərin iştirakçısı olub. O, eyni zamanda Köçəryana ən yaxın olan şəxslərdən biridir və “Qarabağ klanı”nın əsas simalarından biri kimi tanınır.

Bundan əlavə, Oskanyan Suriya ermənisidir. 1990-cı illərin əvvəllərində Kaliforniyada Erməni Beynəlxalq Jurnalını (AIM) təsis edib. Oskanyan Ermənistanın və Qarabağın bərpası üçün erməni diasporunun yardımlarına nəzarət edən Ermənistan Fondunun beynəlxalq qəyyumudur.

O, həm də Ümumerməni Oyunlarının prezidenti olub.

Göründüyü kimi, Vardan heç də sıradan məmur deyil. Onun Ermənistan, ələlxsus da “Artsax” siyasətində kilid rol oynayan iki qüvvə - Rusiya və erməni lobbisi ilə yaxın əlaqələri var.

Diqqət çəkən digər məqam isə, qondarma quruma bağlı rəsmi mənbələrin Vardanyanın bu açıqlamalarından sonra təkzib bəyanatı yaymasıdır. Deyilənə görə, Babayan hələ də vəzifəsinin icrasına davam edir və onun qovulması ilə bağlı hər hansı rəsmi qərar mövcud deyil.
Bu da ondan xəbər verir ki, hal-hazırda separatçıların rəhbərliyi arasında da anlaşmazlıqlar var.

Bu gün Oskanyan, sabah Köçəryan...

Heç kimə sirr deyil ki, Ruben Vardanyan Rusiyada bizneslərini öz istəyi ilə buraxıb Qarabağa gəlməyib. Erməni maqnat Rusiya tərəfindən bölgəyə göndərilib və separatçı qurumun faktiki olaraq ikinci yüksək vəzifəsinə təyinat alıb.

Və göründüyü kimi, Ruben artıq öz komandasını da formalaşdırmağa başlayıb. Seçdiyi ilk kadrdan da göründüyü kimi Vardanyan “Qarabağ klanı”nı diriltməyə çalışır. Şübhəsiz ki, onu göndərən qüvvənin xeyir-duası ilə...

Digər tərəfdən, Rusiya Arayik Arutyunyanın və komandasını istifadəyə yararsız olduğunu anlamağa başlayıb. Onların yerini isə bölgə ermənilərinin daha çox rəğbətini qazana biləcək namizədlərlə doldurmağa çalışır.

Təbii ki, burada maddi məsələləri də diqqətdən kənarda qoymamalıyıq. Vardanyan onsuz da, milyardlara sahibdir və gələn gündən Qarabağ ermənilərinin gözündə “pul kassası” imici yaratmağa başlayıb. Oskanyanın gəlişi ilə də diaspordan gələcək vəsaitləri artırmaq mümkün olacaq.

Ehtimal etmək olar ki, Rusiya yerli əhali üçün “işıqlı gələcək” illüziyası yaratmağa, bununla da Qarabağdan ermənilərin kütləvi köçünə mane olmağa, dolayısıyla bölgədə mövcudluq müddətini uzatmağa çalışır.
Lakin əbəs yerə...

Çünki Rusiya bununla bölgədə həm özünü, həm də sülhməramlı missiyasını hörmətdən salır. Digər tərəfdən son günlər bölgədə mövqelərimiz də müntəzəm olaraq atəşə tutulur. Belə görünür ki, “Qisas” əməliyyatının 2-ci pərdəsinin başlaması artıq yaxındır və bu dəfə nəticə daha acınacaqlı olacaq. Həm separatçılar, həm də sülhməramlılar üçün...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin