Paşinyan Fövqəladə Hallar Nazirliyini ləğv edir, Daxili İşlər Nazirliyi yaradır

Hazırda oxunan: Paşinyan Fövqəladə Hallar Nazirliyini ləğv edir, Daxili İşlər Nazirliyi yaradır

106043

Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda Fövqəladə Hallar Nazirliyinin ləğvi və Daxili İşlər Nazirliyinin yaradılması layihəsini qəbul edib.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi üç strukturdan ibarət olacaq: polis, xilasetmə və miqrasiya xidmətləri. 

Məlumata görə, yeni nazirliyin beş funksional istiqaməti olacaq: ictimai asayişin qorunması, cinayətlərin qarşısının alınması və açılması, fəlakət riskinin idarə edilməsi, miqrasiya və vətəndaşlıq, dövlət ehtiyatlarının idarə olunması və humanitar məsələlər.

Ədliyyə naziri vəzifəsini icra edən Qriqor Minasyan iclasda qeyd edib ki, struktur çərçivəsində bütün nazirliyin fəaliyyətinin keyfiyyətinə nəzarəti təmin edəcək korrupsiyaya qarşı mübarizə idarəsi və daxili təhlükəsizlik departamentləri fəaliyyət göstərəcək.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyi ləğv edilərək Daxili İşlər Nazirliyinin tərkibinə veriləcək və FHN-in əməkdaşları 5 illik hərbi təqaüd alacaqlar.

Fövqəladə Hallar Nazirliyinin ləğvi prosesi dörd ay çəkəcək.

Öz növbəsində baş nazir Nikol Paşinyan qeyd edib ki, polis rəisi daxili işlər nazirinin müavini və eyni zamanda Təhlükəsizlik Şurasının üzvü olacaq. O, həmçinin bildirib ki, daxili təhlükəsizliyi təmin etmək üçün polis qüvvələri daha geniş səlahiyyətlərə malik Polis Mühafizəsi kimi yenidən təşkil ediləcək.
O vurğulayıb ki, nazirliyin formalaşdırılması prosesi ilə paralel olaraq könüllü attestasiya prosesinə başlanılacaq. Bu prosesdə məqsəd polis əməkdaşlarının və xilasetmə xidmətinin işçilərinin maaşlarının azı iki dəfə artırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin