Sahibə Qafarova: “ASEAN-ın ümumi hədəflərinə töhfə verməyə hazırıq” – FOTO 

Hazırda oxunan: Sahibə Qafarova: “ASEAN-ın ümumi hədəflərinə töhfə verməyə hazırıq” – FOTO 

105757

Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdədir. Azərbaycan parlamentinin spikeri səfər çərçivəsində noyabrın 22-də bir sıra ölkələrin parlament rəhbərləri, həmçinin ASEAN Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüşlər keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycanla  əməkdaşlıq edəcək - FOTO


Məlumata görə, Tailand Krallığı Milli Assambleyası və Nümayəndələr Palatasının sədri Çuan Likpay, Sinqapur Respublikası Parlamentinin sədri Tan Çuan-Jin, Nepal Federal Demokratik Respublikası Milli Assambleyasının sədri Qaneş Prasad Timilsina və APA-nın baş katibi Nquyen Tuonq Van ilə keçirilən görüşlərdə Milli Məclisin sədri Sahibə Qafarova bu kimi parlament platformalarının görüşmək, dialoqu davam etdirmək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından yaxşı imkan olduğunu bildirib. 

Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması ilə bağlı müraciətinə dərhal cavab verilməsinə və dəstəklənməsinə görə, bu təşkilatın rəhbərliyinə, o cümlədən Sinqapur və Tailanda minnətdarlığını bildirib.

O, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırdır. 

Azərbaycan Milli Məclisinin sədri ilə görüşdə Tailand Krallığı Milli Assambleyası və Nümayəndələr Palatasının sədri Çuan Likpay spiker Sahibə Qafarovanın Assambleyadakı çıxışına diqqətlə qulaq asdığını və Azərbaycan haqqında, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlər barədə ətraflı məlumat əldə etdiyini bildirib. 

O deyib ki, coğrafi uzaqlığa baxmayaraq, onun ölkəsi parlamentlərarası əlaqələrimizi daha da inkişaf etdirmək istəyir.

Dostluq qrupunun yaradılması münasibətlərimizin daha da dərinləşməsinə töhfə verə bilər. Çuan Likpay həmçinin, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətində iştirak etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb. 

Sinqapur Respublikası Parlamentinin sədri Tan Çuan-Jin bu cür tədbirlərin əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət olduğunu bildirib, ölkəsinin beynəlxalq əməkdaşlıq məsələlərinə böyük önəm verdiyini qeyd edib. O, həmçinin, Azərbaycan Milli Məclisi ilə əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.

Nepal Federal Demokratik Respublikası Milli Assambleyasının sədri Qaneş Prasad Timilsina isə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi haqqında fikirlərini bölüşüb.

O, deyib ki, Azərbaycanın Hərəkata uğurla sədrliyi onun fəaliyyətinin səmərəliliyini daha da artırır. O, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünə görə Azərbaycanı təbrik edib. Qeyd edib ki, Nepal Parlament Şəbəkəsi çərçivəsində fəaliyyətini daha da gücləndirəcək. 
 

ASEAN PA-nın baş katibi Nquyen Tuonq Van təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. O, deyib ki, adətən parlamentlərin təşkilata müşahidəçi statusu almaq üçün müraciətinə 2-3 il ərzində baxılır. Lakin Azərbaycanın müraciətinə dərhal müsbət cavab verilib və Milli Məclis ASEAN PA-da müşahidəçi ölkə statusu alıb. 


Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin