Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının sədri: “Ermənistan öz öhdəliklərini yerinə yetirmir” - FOTO 

Hazırda oxunan: Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının sədri: “Ermənistan öz öhdəliklərini yerinə yetirmir” - FOTO 

105749

Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 18-ci iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelova həmsədrlik ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycanla  əməkdaşlıq edəcək - FOTO


Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan və Rusiya arasında parlamentlərarası əlaqələrin dinamik inkişafından söz açıb, Milli Məclisin Rusiya Federasiyası subyektləri ilə də parlament əlaqələrinin dərinləşməsinə böyük əhəmiyyət verdiyini deyib, parlamentarilərimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunub.

O, Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsindən bəhs edərək, hər iki ölkənin qanunvericilik orqanlarının bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. 

Azərbaycan və Rusiya arasında ikitərəfli parlamentlərarası komissiyanın həmsədri Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyət barədə də məlumat verib.

O, bildirib ki, Azərbaycan Üçtərəfli Bəyannamənin bütün şərtlərinə əməl edib, lakin Ermənistan bu bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. 

İclasda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini Qalina Karelova çıxışında bildirib ki, Azərbaycan Rusiya üçün dost və strateji tərəfdaş ölkədir. Hazırda ölkələrimiz arasında mövcud olan parlamentlərarası əməkdaşlıq, iqtisadi və humanitar əlaqələr bir çox məsələlərin həlli baxımından əhəmiyyət kəsb edir.

Qalina Karelova vurğulayıb ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasınınn 30 ili tamam olur. Dostluğa söykənən Rusiya-Azərbaycan münasibətləri bundan sonra da güclənib inkişaf edəcək. 


Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan-Rusiya münasibətlərindən danışıb. 

Görüşdə Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvü Mixail Zabelin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək Azərbaycan-Rusiya əməkdaşlıq münasibətləri, iqtisadi sahədəki perspektivlər, ölkələrimiz arasında ticarət, tikinti və kənd təsərrüfatı sahəsində tərəfdaşlıq və digər məsələlər barədə danışıblar. 

Rusiya Dövlət Dumasının deputatı Kazbek Taysayev çıxışında 2023-cü ilin Heydər Əliyev ili olduğunu söyləyərək bununla bağlı Rusiyanın bir çox şəhər və bölgələrində tədbirlərin keçiriləciyini bildirib. Daha sonra o, Ermənistana etdiyi son səfərindən bəhs edib.

Həmçinin, Dövlət Dumasının Elm və Təhsil komitəsinin sədri Sergey Kabışov iclasa onlayn qoşularaq ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq barədə fikilərini bölüşüb. 

Daha sonra iclasda Milli Məclisin deputatı Emin Hacıyev, Rusiya tərəfdən isə İlyas Umaxanov, Aleksandr Başkin, Anatoliy Artamonov, İnna Svyatenko və Dmitriy Savelyev çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinə dair qeyd və təkliflərini səsləndiriblər. 
 

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 18-ci iclası başa çatıb. 


İclasda Milli Məclisin deputatları Ağalar Vəliyev, Azər Badamov, Rasim Musabəyov, Arzu Nağıyev, Malik Həsənov, Sevinc Hüseynova və digər rəsmi şəxslər iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin