Azərbaycanda varlılar ən çox hansı bölgədə yaşayır? - STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda varlılar ən çox hansı bölgədə yaşayır? - STATİSTİKA

105663

Azərbaycanda bəzi rayonlar üzrə ünvanlı dövlət yardımı alanların əhali sayına nisbəti olduqca yüksəkdir. Ünvanlı yardım alanların xüsusi çəkisinin yüksək olması ondan xəbər verir ki, həmin rayonlarda aztəminatlı ailələrin sayı daha çoxdur. Bununla bərabər ünvanlı dövlət yardımı alanların çox az qismi mərkəzi şəhərlərdədir.

Məsələn, Bakıda əhalinin 0,95, Sumqayıtda əhalinin 2,8, Gəncədə isə, əhalinin 2 faizi aztəminatlı vəziyyətdədir. Bu da ona dəlalət edir ki, əhalinin imkanlı və varlı hissəsi də məhz bu ərazilərdə cəmləşib.

Mövzuya dair Bizim.Media-ya açıqlamasında Akif Nəsirli bildirib ki, bu iqtisadiyyatın disbalans formada inkişaf etməsi deməkdir:

“Yəni, obyektiv və ya subyektiv səbəblər üzündən iqtisadiyyatın balanslı şəkildə yayılması yoxdur. Çox təəssüf ki, Abşeron yarımadası və Bakı meqapolisi ölkə iqtisadiyyatının 90 faizini özündə toplayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan olan milyarderlər Rusiyada liderliyi qorudular – DETALLAR


Bu da o deməkdir ki, real işçi qüvvəsinin də böyük hissəsi bu ərazidədir. Hamı yaxşı bilir ki, bu gün regionlardan gəlib Bakıda günəmuzd və işəmuzd işləyən kifayət qədər kontingent var. Aztəminatlı ailələrin rayonlarda çox olması onun sübutudur ki, regionlarda davamlı və normal əmək haqqı olan iş yerləri çox azdır”.

Ekspert təəssüflə qeyd edib ki, bu gün iqtisadiyyatın 90 faizi, ixracatın 80 faizi Abşeron yarımadasındadır:

“İmkanlı və varlı əhali əsasən Abşeron bölgəsindədir. Hazırda Dövlət Büdcəsinin müzakirəsi gedir. Və qeyd olunur ki, yalnız 8 rayon büdcədən dotasiya alacaq. Qalan rayonlarsa guya özü-özünü dolandırır.

Bu əslində belə deyil. Yenə də bütün rayonlar mərkəzdən maliyələşir. Amma aparılan struktur islahatları nəticəsində rayonlara ayrılan yardımların xeyli hissəsi regional idarələrə yönəldilib. Bildiyimiz kimi, rayonlarda hüquq-mühafizə orqanlarından başqa, bütün digər dövlət qurumlarının rayon şöbələri ləğv edilib. Əvəzində regional idarələr yaradılıb. Əslində heç nə dəyişməyib, dəyişən formadır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin