Noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycanda genderə həssas məktəblərin təşviqi: Gender yönümlü pedaqogika” mövzusunda dəyirmi masa keçirilib.
Bizim.Media xəbər verir ki, dövlət qurumlarının, pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinin, beynəlxalq və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıb.
Məqsəd ali və orta ixtisas təhsil müəssisələrinin kurikulumuna inteqrasiyasını təşviq etməkdir.
"Regional İnkişaf” İctimai Birliyinin “Genderə həssas məktəblərin təşviqi” layihəsinin rəhbəri Zərifə Məmmədli çıxış edərək, ölkədə təhsil sahəsində görülən işlərə dəstək məqsədilə İctimai Birliyin yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında həyata keçirdiyi layihələrdən danışıb, bu tədbirlərin davamı olan bugünkü müzakirələrin əhəmiyyətinə diqqət çəkib.
Z.Məmmədli layihə çərçivəsində ali və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin genderə həssas pedaqogika üzrə bacarıqlarının artırılması, məktəb icması və geniş ictimaiyyət arasında gender məlumatlılığının artırılması istiqamətində görülən işlər haqqında məlumat verərək, müvafiq tədris proqramlarına inteqrasiyası nəzərdə tutulan materialların təhsil müəssisələrində genderə həssas mühitin təkmilləşdirilməsində faydalı olacağına inandığını bildirib.
Təhsil İnstitutunun Layihələrin idarə olunması şöbəsinin müdiri Nailə Ömərova diqqətə çatdırıb ki, genderə həssas və keyfiyyətli təhsil sisteminin yaradılması yolunda ən effektiv vasitələrdən biri təhsil proqramlarının xüsusi kontekstə və ehtiyaclara uyğunlaşdırılması və müvafiq hədəf qruplarının təlimləndirilməsidir.
Layihə çərçivəsində hazırlanan gender yönümlü pedaqogika məzmunu genderə həssas təhsil mühitinin formalaşması, müəllimlərin genderə həssas metodologiyalar barədə məlumatlılığının artırılmasında vacib əhəmiyyətə malikdir.
Həmçinin hazırlanan məzmunun pedaqoji təhsilin kurikulumuna inteqrasiyası istiqamətində aparılan işlər, təcrübələr və bu sahədə atılacaq addımlar barədə də tədbir iştirakçılarına məlumat verilib.
Layihə üzrə əsas tərəfdaş universitetlərdən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov öz çıxışında sosial həyatın bütün istiqamətlərində, xüsusilə də təhsil sahəsində gender bərabərliyinin təmin olunmasının mühüm əhəmiyyət daşıdığına diqqət çəkib.
Xüsusilə də öyrənmə prosesində keyfiyyətin yüksəlməsi üçün gender pedaqogikasının əhəmiyyətli rolu, bu baxımdan ənənəvi pedaqogikadan gender pedaqogikasına keçid və genderə həssas mühitin formalaşdırılmasının vacib şərt hesab olunduğunu qeyd edib.
Daha sonra təhsildə genderə həssas mühitin yaradılması və bu sahədə görülən işlər, gender pedaqogikası üzrə məzmunun tədris kurikulumuna inteqrasiyası yolları və atılacaq növbəti addımlar barədə ətraflı müzakirələr aparılıb.
Müzakirələrin nəticəsi olaraq təhsil siyasətindəki bərabərlik prinsipinin diqqətdə saxlanması, orta təhsil müəssisələrində gender bərabərliyinin təşviqi üçün pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi, müəllimlər üçün ixtisasartırma təhsilində gender pedaqogikasının proqrama daxil edilməsi, dərsliklərin qiymətləndirilməsi zamanı gender aspektinin nəzərə alınması, məktəbəqədər təhsildə də gender yönümlü pedaqogikanın tətbiqi, həmçinin gender pedaqogikası ilə bağlı müəllimlərin təlimləndirilməsində ali təhsil müəssisələrinin “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlığının genişləndirilməsi və digər vacib məsələlərlə bağlı təkliflər qeydə alınıb.
Qeyd edək ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirib.
Bizim.Media