"Savaşçı"ya çəkilən azərbaycanlı model: "Anam əcnəbi xanımla evlənməyimə qarşıdır" - MÜSAHİBƏ

Hazırda oxunan: "Savaşçı"ya çəkilən azərbaycanlı model: "Anam əcnəbi xanımla evlənməyimə qarşıdır" - MÜSAHİBƏ

105447

"Best Model of Azerbaijan - 2010" müsabiqəsinin qalibi, "Pankratrion" idmanı olan qaydasız döyüş üzrə Azərbaycan çempionu və aktyor Azər Atakişiyevin Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik.

- Uzun zamandır sizi nə efirlərdə, nə də ki podiumlarda görürük. Haralardasız? 

- Bir neçə il Almaniyanın Münxen şəhərində yaşadım. O illərdə Almaniyada iqtisadiyyat üzrə ali təhsilimi aldım. Sonra İtaliyada model olaraq fəaliyyət göstərdim. Seriala dəvət aldığım üçün Türkiyəyə getdim, aktyorluq üzrə özəl dərslər aldım.  Orada olduğum müddətdə "Savaşçı" serialına çəkildim. Ekran işində Turan Timin komandiri "mayor" Aslan Əlizadə adlı obrazı canlandırdım. Daha sonra təhsilimi davam etdirmək üçün Ukraynada ikinci təhsil alıram. Bir il heç bir iş görmədim. Kiçik şəxsi işlər oldu.

- Hazırda nə işlə məşğulsunuz?

- Bir filmə dəvət almışam. Özəl və çox maraqlı bir ekran əsəridir. Həmin bədii filmin ssenarisi üzərində çalışıram. Qismət, inşallah yaxşı və uğurlu olar. 

- Həmin filmdə sizdən başqa daha hansı məşhur simalar var?

- İnanın, hec bir məlumatım yoxdur. Azərbaycan layihəsidir, lakin ekran işi türkiyəli peşəkar heyət tərəfindən çəkiləcək. Hətta rejissorlardan biri "Savaşçı" serialında mənimlə birgə çalışıb. Mənə və işimə dəyər verdikləri üçün calışdığım qədər məsuliyyətlə yanaşıram hər gördüyüm işə. Monoloq üzərində çalışıram. Bu ekran işi dünya festivalında nümayiş olunacaq. 

- Hazırda Azər pulu haradan qazanır?

- Hər bir insanın mütləq şəkildə hardansa da olsa bir gəlir yeri olur. Ailəmdə atam mənə maddi dəstək olur. Avropada gördüyüm kiçik işlər var. O işlərlə aylıq qazanc gəlır. Bir sözlə, az-çox idarə edirəm". 

- Bu sualı bir çox modellərə verirlər və nədənsə eyni standart cavablar eşidirik. Azərbaycanda model biznesi və sahəsi nə zaman dirçələcək? 

- Nə zaman bu sənətə dəyər veriləcək bax o zaman düzələcək. Dəyər olmadan hec bir varlıq hiss olunmur.


- Fikrinizcə, bu sahənin inkişafına manə olan hansı səbəblər var? 

- İlk növbədə dəyər, sonra isə bizim millətin genetikasındadır. Diqqət yetirsəniz, azərbaycanlıların boyu balacadır. Amma burada söhbət təkcə boyun kiçik və ya hündür olmasından getmir. Uzunboylu da ola bilər. Model kriteriyasına uyğun insanlar yoxdur. Olsa da barmaqsayılacaq qədər azdır. İllərlədir ki, modelllik sahəsindəyəm. Amma bu sahədə çox çalışmaq istəmədim. Çünki model həyatı yaşamaq xasiyyətimə görə uyğun deyil. Modellər bir çemodanla yaşayırlar. Bir gün İtaliyadasan, sabah isə Fransada və ya digər başqa ölkədə. İtalyaya model kimi işləməyə gedəndə bu sadəcə mənim üçün maraqlı idi. Model həyatını yaşamaq istəyirdim və yaşadım. Daha gənc idim. Bunlar 2016-ci illərə təsadüf edirdi. 25 yaşım vardı. İtalyaya getdim, dörd ay işlədim. Oradan da məni İsveçrənin Luqana şəhərinə çalışmaq üçün apardılar. Bir sıra markalar üçün kataloq çəkilişlərim olmuşdu. "Armani", "Guess" markası üçün kamera önünə keçmişdim.

Deyim ki, model həyatı ilə sən böyük məbləğdə pullar qazana biləcəksən və nələrsə özün üçün edəcəksən. Bu, əsla belə deyil. Bu, sadəcə insanların dilində gəzən "mif"dir. Model həyatının da çətinlikləri var. Səhər saat 10-dan axşam saat 8-dək bəzən isə gec saatlarına qədər kastinqlərdə olurdum. Ona görə modellikdən aktyorluq sahəsinə keçdim. Həm də Türkiyədə seriallara çəkilmək üçün dəvətlər aldım. Potensialıma inandıqlarını bildirdilər. Aktyorluq üzrə özəl dərslər aldım. Mükəmməl şəkildə türk dilini öyrəndim. Türk dilində aksentsiz danışmalısan.

Aktyorluq üzrə getdiyim kurslarımın ödənişini çalışdığım menecerim ödəyirdi. Menecerim isə türkiyəli Aslı İslamoğludur. Türkiyədə aktyorluq sahəsində irələmək həddindən artıq çətindir. Rəqabət orada çox yüksəkdir. Türkiyədə hər on insandan doqquzu oldu-olmadı özünə "Mən aktyor, modeləm" deyir. Dəbi, modanı yaradan Koko Şanel deyirdi ki, "Model olmur, o sadəcə doğulur". Milan və Paris modanın vətəni sayılır. Bu şəhərlərin ikisində muqavilə ilə model kimi fəaliyyət göstərməmisənsə, demək ki, sən model deyilsən. Bu şəhərlərin birində sən mütləq şəkildə muqavilə ilə çalışmalısan. Digər ölkələrdə model kimi çalışmaq sən modelsən, anlamına gəlmir. 


- "Savaşçı"dan nə qədər pul qazandın? 

- Bu, sirr olaraq qalsın. Əsas dəyər qazandım. Bircə onu deyə bilərəm ki, aldığım qonorar məni tam qanə etdi. 

- Qayıdaq, İtalyada modellik etdiyin dönəmə. İtalyanlar sənin azərbaycanlı olduğunu biləndə necə reaksiya göstərirdilər?

- Orada bir çox kastinqlərdə iştirak etdim. Amma həqiqətən qarşıma türk dünyasından heç kim çıxmayıb. Kastinqlərin birində maraqlı bir hadisə ilə rastlaşdım. Hər kastinqə model ayrıca olaraq öz "setkat"ını təqdim edir. O, "setkat" onlarda qalır. Milanda bir markanın kastinqində olan bir qadın "setkat"ıma baxıb, haradan olduğumu soruşdu. Cavab olaraq, azərbaycanlı olduğumu söylədim. Qadın isə Bakıya gəldiyini, lakin 15 il modellik sahəsində çalışdığı dönəmdə azərbaycanlı modelin qarşısına çıxmadığını bildirdi. 2016-ci ildə Milanda olanda "Milan Fashion Week"ə saylı günlər qalmışdı. Atamın səhhətində ciddi problemlərin olduğu xəbərini aldım. Məcbur olub, Bakıya qayıtdım.

Sonra isə Milana geri qayıtmalı idim. Oradan mənə söylədilər ki, portfoliyanı yaxşılaşdırmaq üçün Çinə getməlisən. Çünki bütün modellər modellik karyerasının ilk başlanğıc mərhələrində Çinə gedib portfoliyaları üzərində müəyyən işlər görürlər. Lakin mən nə ora qayıtmaq istədim, nə də ki Çinə gedib, portfoliyamı yaxşılaşdırmaq. O ərəfədə isə artıq Türkiyə ilə müqavilələrim vardı. Düşündüm ki, model sahəsində deyil, aktyorluq sahəsinə daha çox zamanımı ayırmalıyam. Elə fikirləşdiyim kimi də etdim. Həm də iki işi bir anda görmək çox çətin olardı. Bir sözlə alınmazdı.

- Bir az da ailələndən danışaq...

- Çox balaca, lakin mehriban ailəyik. Atam, anam, mən və məndən üç yaş böyük bacım və bacım oğlu. 

- Ailə qurmağı azərbaycanlı yoxsa əcnəbi xanımla düşünürsünüz? 

- İstəyim əcnəbi xanımla evlənməkdir. Lakin anam buna qarşıdır. Anam hər zaman deyir ki, elə et ki, gəlinimlə mən öz dilimizdə danışım və bir-birimizi başa düşək. Amma bu qismətdir. Bilmək olmaz kim olacaq. Lakin indi düşünürəm ki, böyük ehtimalla azərbaycanlı xanımla evlənəcəyəm. Çünki əcnəbi xanım olsa da belə, elə detallar var ki, sən onunla anlaşa bilməyəcəksən. Bu gün evləndim, sabah, bir il sonra ayrıldım və ya bunu nəyinsə göstərişi üçün etdim kimi məsələlər əsla və əsla mənim xasiyyətimə uyğun deyil. Təbii ki, istisna hallar da olur. Bu isə qaçınılmazdır. Ailə həyatı dağıla da bilər. Amma dağılanda da baxır səbəbə. Hər bir məsələyə görə ailəni dağıtmaq olmaz. 

- Hazırda sevgiliniz var?

- Xeyr yoxdur. Hazırda bütün diqqətimi işlərimə kökləmişəm. Bu son bir ildə çox böyük işlər görə bilərdim. Bundan sonra isə böyük işlər görmək istəyirəm.

- Ən son və yaddaşlarda həkk olunan işin isə Xalq artisti Aygün Kazımovanın "Düşün məni" adlı mahnıya çəkilən klipdə model olaraq rol almağın oldu. Həmin klipə çəkildikdən sonra baxmısınız? 


- Klipi bəyənmişdim. Ondan sonra bir çox müğənnilər kliplərinə çəkilməyim üçün təkliflər etdilər. Amma mən gələn digər klip  təkliflərinə rədd cavabı verdim. Bir dəfə klipə çəkildim, o da Aygün Kazımovanın. Onu da deyim ki, təkliflər günü bu gün də var. Həmin müğənnilərin adlarını demək istəmirəm, ayıb olar. Mən qalmaqaldan uzaq insanam. 

- Aygün Kazımova klipində çəkilmək üçün sənə nə qədər pul vermişdi?

- Dedim axi mənim üçün əsas dəyərdir. Aygün xanım tərəfindən mənə jest olundu. Mən də o jestin qarşılığında jest edib, qonorardan imtina etdim. O elə bir hərəkət elədi ki, inanılmaz dərəcədə xoşum gəldi. Dedim ki, qonorara ehtiyac yoxdur.


- Azər öz görünüşündən razı yoxsa narazıdır? 

- Görünüşümdən təbii ki, razıyam. Mən Allahımdan razıyam.

- Az əvvəl idman karyerandan danışdın. Davam edəcəksən yoxsa artıq səndə bir çox məşhur idmançılar kimi sonlandırmağa hazırlaşırsan?

- Davam edirəm. Demək olar ki, məşqlərdən qalmıram. Arzum Avropa və dünya çempionunda iştirak etmək idi. Arzum reallaşdı. Azərbaycan çempionu da olmuşam. Dünya çempionu olmaq isə arzu olaraq hələki qalır. Böyük bir travma yaşamışam. Son bir ili fikirlərşirəm. Bəlkə yenidən bir dəfə dünya çempionatına qatılıb, bu uğuru əldə edə bilərəm. Amma bu son olacaq. Artıq professional karyeranı bitirmək lazımdır.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin