Çində may ayından bəri koronavirusdan ilk ölüm qeydə alındı

Hazırda oxunan: Çində may ayından bəri koronavirusdan ilk ölüm qeydə alındı

105327

Çində may ayından sonra COVID-19 virusu ilə bağlı ilk ölüm faktı qeyd alınıb.

Bizim.Media Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ölən şəxs 87 yaşlı Pekin sakinidir. Bu, mayın 26-dan sonra ölkədə COVID-19 virusu ilə əlaqəli ilk ölümdür.

Oktyabrın sonundan bəri Çində epidemik vəziyyət pisləşməyə başlayıb. Sutkalıq yoluxma sayı 25 minə yaxınlaşıb.

Yoluxmaların əsas ocaqları Pekin, Quancou, habelə Cencou, Çonçin şəhərləri və Daxili Monqolustan muxtar bölgəsidir. Bəzi şəhərlərdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunur.
Belə ki, 19 milyon əhalisi olan Quancounun 8 rayonunda, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçinin 11 rayonunda qapanma elan edilib.

Məktəblərdə dərslər distant formada keçirilir, universitetlərin kampusları qapalı rejimdə fəaliyyət göstərir. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur.

Quancou şəhərində yoluxanların sayının çoxalması səbəbindən 250 min yerlik modul xəstəxanaların inşasına qərar verilib.

Paytaxt Pekində yoluxmaların çoxu Çaoyan rayonuna qeydə alındığı üçün bu rayon üzrə karantin qaydaları daha da sərtləşdirilib. Kafe və restoranlarda yerində xidmətlər dayandırılıb, ticarət mərkəzləri, istirahət məkanları, o cümlədən parklar bağlanıb.

Səhiyyə Komitəsi həftəsonu ciddi ehtiyac olmadığı halda rayon sakinlərinə evlərini tərk etməməyi tövsiyə edib.

Çin hakimiyyəti iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, “Sıfır COVID” strategiyasında israrlıdır.

Bu strategiya ölkəyə giriş-çıxışın xeyli məhdudlaşdırılmasını, yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı nəzərdə tutur.
Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan azsaylı ölkələrdəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin