İsraildə səfirliyimiz Fələstinlə niyə eyni vaxtda açılır? – “Haqqın-ədalətin yanındayıq” 

Hazırda oxunan: İsraildə səfirliyimiz Fələstinlə niyə eyni vaxtda açılır? – “Haqqın-ədalətin yanındayıq” 

105126

Azərbaycanın İsraildə səfirliyi, habelə Fələstində diplomatik nümayəndəliyi açılacaq. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Deputatlar həmçinin, "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini müzakirəyə çıxararaq qəbul ediblər. 

Bizim Media-ya açıqlamasında Qabil Hüseynli İsraildə səfirliyin, eyni zamanda, Fələstində Təmsilçilik Ofisinin açılmasını paritetin gözlənilməsi, balansın qorunması baxımından mühüm addım kimi dəyərləndirib:

“Azərbaycan həm İsrail səfirlik, həm də Fələstində Təmsilçilik Ofisi açmaqla çox doğru qərar qəbul edib. Bu məsələnin zamanı əslində çoxdan yetişmişdi. Xüsusən də 44 günlük müharibədə qələbədən sonra bu məsələnin həlli daha aktual xarakter daşımağa başladı. İsraillə münasibətlərin diplomatik səviyyədə tənzimlənməsinə böyük ehtiyac var idi. Nəhayət bu həyata keçir. Həmin addımın atılması fonunda Bakı ilə Təl-Əviv münasibətləri daha yüksək səviyyəyə çatacaq. Anoloji olaraq Fələstində də diplomatik missiya açılır. Bu addımın atılması iki ölkə arasında balansın qorunması məqsədlərinə xidmət edir.

Bununla Azərbaycan nümayiş etdirdi ki, Fələstin xalqının azadlıq mübarizəsinin yanındadır, onu müdafiə edir. Sözügedən istiqamətlərdə baş tutan addımlardan sonra ölkəmiz üçün artıq İranın hər hansı bir hay-küy qaldırmasının heç bir əhəmiyyəti yoxdur. Çünki İran ölkəmizə qarşı etdiyi pisliklərin demək olar ki, hamısını edib. Azərbaycan müstəqil dövlətdir, suveren hüquqlarını həyata keçirir. İran bu müstəvidə nə edir-etsin. Bunun ölkəmizə heç bir aidiyyatı yoxdur”. 

Qeyd edək ki, Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin tarixi ölkəmizin müstəqilliyinin ilk dövrünə düşür.
 

Belə ki, 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb. 7 aprel 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr qurulur. İki ölkə arasında bu illər ərzində münasibətlər yüksələn xətt üzrə inkişaf edib. İsrail Azərbaycana 44 günlük müharibədə də hərtərəfli dəstək olub, Ordumuzun silah təchizatında bu ölkə önəmli rol oynayıb.


Amma müstəqillikdən keçən 30 il ərzində Azərbaycan İsraildə səfirliyi fəaliyyət göstərməyib. Baxmayaraq ki, Bakıda İsrail səfirliyi çoxdan fəaliyyət göstərir. Bakı İsraillə sıx əlaqələrinə rəğmən, Fələstin xalqının haqlı tələblərini də tanıyır. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin