100 yaşlı Neftçalalı nənədən “Azəriqaz”a MÜRACİƏT: “Meşələrə, ağaclara yazıqdır” - FOTO

Hazırda oxunan: 100 yaşlı Neftçalalı nənədən “Azəriqaz”a MÜRACİƏT: “Meşələrə, ağaclara yazıqdır” - FOTO

105048

Son zamanlar Azərbaycanın tamamilə qazlaşdırılması istiqamətində işlər aparılsa da, bir çox bölgələrdə bu problem öz həllini tapmayıb. Aktullağını itirməyən bu problem özünü xüsusilə havalar soyuyanda qabarıq şəkildə göstərir. Bununla əlaqədar təbii qazın verilməsi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Əsasən də ucqar kəndlərdə bu problem özünü daha qabarıq şəkildə büruzə verir.

Həmin bölgələrdən biri də, Neftçala rayonunun Şirvanlı kəndidir. Bu kənddə hər kəs işığın ümidinə qalıb. İşıq da küləyin. Bir balaca külək əsən kimi ocaqlar odsuz, evlər istisiz qalır. Çünki sözügedən  kənd yarandığı gündən mavi yanacağa həsrətdir. 

Bizim.Media-nın Cənub bürosunun əməkdaşının verdiyi məlumata görə, bu kənddə evlər odun sobası ilə qızdırılır. Mətbəxdə isə elektrik cihazı ilə yemək bişirilir. Kənddə illərdir mavi yanacaq olmadığı üçün sakinlər məişətdə ya elektrik enerjisindən ya da odundan istifadə edirlər. 

Şirvanlı kəndi 1986-cı ildə salınıb. İlk illərdə bu kənddə 4-5 təsərrüfat mövcud olub. Ailələr az olduğundan yeganə istilik vasitəsi elektrik enerjisi olub. Necə deyərlər, kənd sakinləri həm soyuqda qızınıblar, həm də yemeklərini qızdırıblar. İllər ötdükcə  kəndin təsərrüfatı da böyüyüb, ərazisi də. Gedənlər gedib, gələnlər də yurd-yuva salıblar. Hazırda kənddə 70 ailə yaşayır. 

Kənd sakini Dürdanə Məmmədova deyir ki, kənddə yeni doğulan körpə də var, 100 yaşına çatmış sakin də:

“Uzun illərdir mavi yanacağa həsrət qalmışıq, illərdir bu məsələ üçün döymədiyimiz idarə qapıları qalmayıb. Dəyışən, yenilənən heç nə yoxdur. Kənd yenə də elektrik enerjisinin və odun sobasının ümidinə qalıb”.  


100 yaşlı Səfurə nənə də vəziyyətdən gileylənib:

“Günüm ocaq qalamaqla keçib. Ele ki, qış olardı sabaha qədər sobaya odun qoyub evimizi isidərdik. Elə indi də bələdir. İndiyə kimi yaxşı yadımdadır, o vaxtı ocaq qalamaqdan evimizin tavanı hisin-pasın içində olardı. Mən indi “Azərqaz”a müraciət edirəm: - Övladlarım, indi nə 19-cu əsirdir, nə də 20-ci, Azərbaycanın qazı da var, nefti də. Belə bir vaxtda camaatı qazsız qoymaq günahdır. Meşələrə, ağaclara da yazıqdır. Onsuz da tükənib gedir. İncitməyin, qalan 10-15 kəndi də qazlaşdırın, qoyun camaat ölkəsinin sərvətini hiss eləsin. Mən qoca nənə, alxışı da, qarğışı da yaxşı bilirəm. Elədiyiniz hər cürənə yaxşılıq qayıdacaq özünüzə”.  

Sakin Rafiq Babayev deyir ki, neçə illərdir müvafiq qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində heç bir iş görülməyib:

“Bu cür şəraitdə yaşamağa davam edirik. Neftçala rayonu meşəlik ərazidə yerləşmədiyinə görə odun almaq üçün başqa rayonlara üz tuturuq. Xərclərimiz də iki dəfə artıq çıxır”.

Digər sakinlərin sözlərinə görə, kəndimizdən 7-8 km aralıda Seyidlər kəndinə qaz xətti keçir.

“Biz isə elektrik enerjisinin ümidinə qalmışıq. Bir balaca külək əsən kimi işıqlar sönür. Odun yandırırıq o da baha. Kəndin məktəbində də sinif otaqları odun sobası ilə qızdırılır. Bu səbəbdən də həm sinif otaqları, həm də şagirdlərin üst-başı hisin-pasın içində olur”, - deyə sakinlər narazılıqlarını dilə gətiriblər. Hazırda kənd sakinlərinin bir arzusu var: “kəndlərinin mavi yanacaqla təmin olunması”.

Bizim.Media olaraq mövzunun ətraflı araşdırmasını aparacağıq. Az qala 98 faiz qazlaşan Azərbaycanda bu cür kəndlərin olma səbəbini birlikdə çözəcəyik.

Elşən Feyzullayev, Cənub bürosu, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin