Azərbaycan-Rusiya quru sərhədləri açılır? – TIR-lar üçün YENİ QƏRAR

Hazırda oxunan: Azərbaycan-Rusiya quru sərhədləri açılır? – TIR-lar üçün YENİ QƏRAR

104953

Bildiyiniz kimi, koronavirus pandemiyası başlayandan quru sərhədlər bağlanıb. Hazırda dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Eyni zamanda Azərbaycandan Rusiya bazarlarına buraxılmayan kənd təsərrüfatı məhsullarına da bu öz təsirini göstərib. 

Belə ki, sərhəddə TIR növbələri məsələsini həll etmək üçün Azərbaycan və Rusiya keçid məntəqələrinin inkişafının sinxronlaşdırılması üzrə saziş imzalayacaqları barədə xəbər yayılıb. Bu barədə məlumatı isə, Rusiya nəqliyyat nazirinin müavini Dmitri Zverev və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Nəqliyyat həftəsi-2022” forumunda çıxış edərkən veriblər. 
Maraqlıdır, hazırda Azərbaycandan Rusiyaya məhsulların ixracı ilə bağlı vəziyyət nə yerdədir? Bu saziş Azərbaycan tərəfinə nə kimi üstünlüklər qazandıracaq? Daşınma üçün giriş vərəqələrinin verilməsi hansı meyarlarla aparılacaq?

Bizim.Media-ya suallarımızı cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, sözügedən sazişdə bir sıra problemlərin həlli nəzərdə tutularsa, bu hal azərbaycanlı sahibkarlara əhəmiyyətli üstün şərait yaratmaqla, onların əlavə xərclərinin azalmasına səbəb olacaq:

“Azərbaycanın aqrar sektoru üzrə ixracatın 90-95 faizi Rusiya bazarlarına yönəlir. Belə bir şəraitdə infrastrukturun əlverişliliyinin təmin edilməsi istiqamətində atılan addımlar dəfələrlə müşahidə olunan problemlərin həllinə gətirib çıxara bilər. Xüsusən də, kənd təsərrüfatı məhsullarının saxlanma müddəti, bazarların konyukturu, tələblə təklifin dəyişməsi kimi məsələlər var.

Gecikmələr isə bazarda əlverişli imkanlardan istifadəni məhdudlaşdırmaqla yanaşı, eyni zamanda, əlavə zərərə gətirib çıxarır. Azərbaycanın ixrac etdiyi məhsullar əsasən aqrar təyinatlı olduğundan onun müddətilə bağlı məsələdə indilikdə problemlər var, habelə onların saxlanması imkanları məhduddur. Sazişlə bağlı şərtlərin nədən ibarət olduğu aydınlaşandan sonra prosesi daha dəqiq təhlil etmək olar”. 

Ekspertin fikrincə, istənilən halda məlumatların elektronlaşdırılması, vahid, hər hansı platforma üzrə əvvəlcədən gömrük prosedurlarına, rüsumların ödənişinə imkanların yaradılması, qarşılıqlı şəkildə verilən sənədlərin tanınması kimi məsələlər öz həllini tapmalıdır.
Daşınma üçün giriş vərəqələrinin verilməsi meyarlarına gəldikdə isə həmsöhbətimizin sözlərinə görə, ola bilsin bu davamlı idxal-ixracla məşğul olan, müəyyən etibar qazanmış şirkətlərə həmin imkanların verilməsi yolu ilə öz həllini tapsın:

“Yaxud da hər hansı bir dövlət təminatı qarşılığında qarşı tərəfin sənədinin tanınması və sərbəst hərəkətinə şərait yaradılması hüququ təmin edilə bilər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin