Xəbər verdiyimiz kimi, Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
Bizim.Media xatırladır ki, Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub.
Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.
MÖVZU İLƏ BAĞLI:
Xalid Əhədov Prezidentin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edildi
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barcelonada MBA təhsili alıb.
O, tələbəlik illərindən bank sektorunda işləməyə başlayıb. Daha sonralar professional fəaliyyətə keçən X.Əhədov 1999-cu ilin martında "Bank of Baku"da pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrində çalışıb. Ardınca - 2005-ci ildə “Bank of Baku”nun idarə heyəti sədrinin müavini işləyib.
2012-ci ildə “Unibank”da icraedici komitənin üzvü, 2015-ci ildə “Unibank”ın icraçı direktoru vəzifəsini tutub. 2016-cı ildə “Bank Standard”ın baş direktoru, daha sonra (yenə 2016) "Azər Türk Bank"da İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi vəzifəsində çalışıb.
X.Əhədov 2017-ci ildə "Beynəlxalq Bank"ın İdarə Heyətinə sədr gətirilib. 2018-ci ildə "Beynəlxalq Bankı"n səhmdarlarının ümumi yığıncağında bu postdan ayrılaraq, bankın Müşahidə Şurasının üzvü təyin edilib.
Qeyd olunan vəzifələrlə yanaşı, o, əvvəllər “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart prosesinq mərkəzi”nin direktorlar şurasının sədri vəzifələrini də icra edib.
Qeyd edək ki, yeni təyinatdan öncə X.Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.
Bizim.Media