Bərdədə qardaş bacısının toyu günü atasını niyə öldürüb? - DETALLAR

Hazırda oxunan: Bərdədə qardaş bacısının toyu günü atasını niyə öldürüb? - DETALLAR

104869

Bərdədə atasını qətlə yetirməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin barəsində hökm elan edilib. Kənan Fərzəliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Kənan 29 may 2022-ci ildə, saat 13 radələrində bacısının Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən “Muğan Məkan” restoranında təşkil olunan qız toyu mərasimində iştirak edib. O, həmin vaxt pivə və “Go” adlı spirtli içkilərin qəbulu nəticəsində orta dərəcəli sərxoşluq vəziyyətində olub.
Bu zaman Kənan toy mərasiminin normal gedişinə mane olacağından ehtiyat edən dayısı ona yaxınlaşaraq daha içki qəbul etməməsi və dava salmamasını dediyindən qəzəblənib.

Kənan toy məclisində səs-küy salaraq tamadanın əyləşdiyi stola təpik vurub. Bu səbəbdən atası və dayısı tərəfindən edildiyi tənbehə məhəl qoymayıb. O, bibisi oğlanları tərəfindən toy mərasimindən Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən evlərinə gətirilib.

Kənan evdə olan tüfəngi götürərək evin çöl hissəsində darvazanın yanında dayanmış bibisi oğlanlarını qorxutmaq və vahimə yaratmaq məqsədi ilə dəmir darvazaya doğru bir dəfə atəş açıb.

Bundan sonra həmin tüfəngi evin arxa hissəsində yerləşən həyətyanı sahədə gizlədib, toydan zorla evə göndərildiyini özünün təhqir olunması kimi düşünüb.

Buna görə də qisas almaq məqsədilə atasını öldürmək qərarına gəlib. Kənan atası Buludun toydan evə gəlməsini gözləyib. Saat 23 radələrində evin qapısının ağzında yerləşən pilləkəndə oturan atasını öldürmək üçün münasib şərait yarandığını görüb. O, pilləkəndə oturan anası Xuraman və atası Buluda tərəf atəş açıb.
Nəticədə atası aldığı xəsarətdən ölüb. 

İstintaq orqanı tərəfindən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ititham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin