Avropa və Asiyanın bir çox ölkələrində hazırda terror təhlükəsinin artdığı barədə məlumatlar dolaşır. Hərbi hərəkətlənmə bəzi ölkələrdə terror hadisələrinin də artmasına rəvac verib.
Türkiyədəki son qanlı olaylar da bunu deməyə əsas verir ki, heç bir ölkə belə hadisələrdən sığortalanmayıb.
Ötən gün Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev də ölkə vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb. Azərbaycanın hüquq-mühafizə orqanları onsuz da 2020-ci ildə Vətən Müharibəsində əldə olunan qələbədən üzü bəri erməni terroruna qarşı xüsusi rejimdə və ayıq-sayıqlıqla çalışırlar.
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya ilə mübarizə Komitəsinin üzvü, Millət vəkili Elşad Mirbəşiroğlu Bizim.Media-ya açıqlamasında bildirdi ki, hazırda dünyada terror təhlükəsinin miqyası həddindən artıq böyüyüb:
MÖVZU İLƏ BAĞLI:
Putinin “pis sülh...” mesajı kimə aiddir? – Elşad Mirbəşiroğlundan ŞƏRH
“Bunu şərtləndirən məqamlar dünyanın müxtəlif nöqtələrində silahlı qarşıdurmaların olması və beynəlxalq münasibətlər sistemində ciddi gərginliyin yaşanmasıdır. Nəzərə alaq ki, əksər dövlətlər terrordan özlərinin xarici siysətlərinin bir aləti kimi istifadə edirlər.
Təsadüfi deyil ki, İstanbulun İstiqlal küçəsində törədilən terror hadisəsindən sonra nazir Süleyman Soylu ABŞ-ın verdiyi başsağlığını qəbul etmədiklərini söylədi.
Bu da ona dəlalət edir ki, bu terror hadisəsi geosiyasi qarşıdurmaların nəticəsidir. Türkiyənin müstəqil siyasətini həzm edə bilməyən dairələr belə terror hadisələrini dəstəkləməklə niyyətlərinə çatacaqlarına ümid edirlər. Təbii ki, bu cür yanaşma insanlığa sığmır. Amma nə yazıq ki, günümüzün reallığıdır”.
Millət vəkili onu da əlavə etdi ki, Azərbaycan da müstəqil siyasət yeridir:
“Üstəlik, ölkəmiz regionun güc mərkəzinə çevrilir. Bunu da qəbul etməyən dövlətlər var. Çox uzağa getməyək. Ermənistan və İran kimi terroru dəstəkləyən qonşularımız var. Bunu qətiyyən yaddan çıxartmamalıyıq. Ona görə də, bu dövlətlərin Azərbaycanda terror törətmək cəhdləri çox inandırıcıdır.
Nəzərə alaq ki, ölkəmizdə ictimai asayiş ən yüksək səviyyədə qorunur. İctimai təhlükəsizliyə cavabdeh olan orqanlar kifayət qədər peşəkar fəaliyyət göstərir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Xaricdən gələn təhdidlərin qarşısı hər zaman uğurla alınıb. Belə bir ciddi mühfizə sisteminin olduğu halda ölkəmizdə terror təhlükəsi real deyil”.
Elşad Mirbəşiroğlu ona görə də xatırlatdı ki, bu təhdidlərə və hansısa xoşagəlməz hallara qarşı daha ayıq-sayıq olmalıyıq:
“Bu məsələnin aktual saxlanılmasının böyük əhəmiyyəti var. Bunun üçün də terrorla mübarizə istiqamətdə cəmiyyətdə maarifləndirmə işləri gücləndirilməlidir”.
Əslində Azərbaycan o qədər həssas və incə yerdir ki, bu ölkəyə bir bomba atılsa, dünya partlayacaq. Heç kimin torpağında gözü olmayan ölkəmiz multikultral dəyərlərə və tolerant düşüncə tərzinə malikdir. Azərbaycan həm coğrafi, həm də siyasi-iqtisadi anlamda elə bir məkandır ki, buradakı qarışıqlıq güc sahiblərinin də maraqlarına uyğun deyil. İllah da indiki iqtisadi ehtiyaclar, enerji böhranı şəraitində.
Surxay Atakişiyev, Bizim.Media