Mahir Emreliyə deputatlardan DƏSTƏK – “Yaxşı eləyib...” 

Hazırda oxunan: Mahir Emreliyə deputatlardan DƏSTƏK – “Yaxşı eləyib...” 

104511

Millimizin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiya çempionatının son turunda “Riyeka” ilə matçda yerli azarkeşin təxribatı ilə üzləşib. Beləki, meydana çıxmağa hazırlaşan Emreli isinmə hərəkəti edərkən bir nəfər azarkeş ona tərəf “Qarabağ Ermənistandır”, - deyə qışqırıb. Oyunun 72-ci dəqiqəsində meydana daxil olan soydaşımız topa ilk toxunuşu ilə rəqib qapısına yol tapıb. Mahir ona söz atan tamaşaçının oturduğu tribunaya tərəf gələrək, təxribatçıya orta barmağını göstərib və hərbi salamla cavab verib.

Bundan sonra, meydanda qarışıqlıq düşüb və Emreliyə sarı kart göstərilib. Mahirin sərgilədiyi son hərəkəti ilə bağlı tanınmış bir neçə ziyalıdan fikir aldıq.

Millət vəkili, yazıçı-jurnalist Aqil Abbas Bizim.Media-ya açıqlamasında Mahir Emrelini alqışladığını bildirib:“Qol sevincini və təxribata qarşı cavabını Mahir çox orjinal şəkildə göstərdi.

Təxribatçını susdurmaq, ona barmaq göstərmək Mahirin kişiliyidir. Buna görə Mahirə sarı kart göstərmək də hakimin “kişiliyidir”. Emrelini qınamıram, əsəbiləşib etirazını və qol sevincini belə ifadə edib. Ona bu hərəkətinə görə “sağ ol” deyirəm. Və bu hərəkətinə görə qırmızı vərəqə göstərsələr də, yenə deyərdim ki, “Mahir düz edib”. Hər bir Azərbaycanlı bu cür etməlidir. Təxribatçı yerindəcə susdurulmalıdır”.

Millət vəkili, AVP-nin sədri Fəzail Ağamalı da Bizim.Media ilə söhbətində Mahir Emreliyə haqq qazandırıb:

“Futbolçumuzun son hərəkəti alqışa layiqdir. Bu vətənpərvərliyin göstəricisidir. Ancaq, xoş fikirlər deyilməlidir onun haqqında. Ümumiyyətlə, idman arenalarında idmançılarımız hər zaman erməni təxribatına layiqincə cavab veriblər. Bu da onun növbətisidir. Mahir qol vurmaqla həm yüksək idman formasında olduğunu göstərdi, həm də erməni təxribatına layiqli cavab verdi.

Onun hərbi salam verməsi o deməkdir ki, harda olmasından asılı olmayaraq, o Azərbaycan əsgəridir və düşmənə layiqli cavab verməyə də gücü və imkanı var. Mən Mahiri alqışlayıram”. 

Xatırladaq ki, həmin qarşılaşmada Mahir Emreli cəmi 18 dəqiqə meydanda olmasına rəğmən dubla imza atıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin