“Microsoft” un Azerbaijandakı nümayəndəliyi bağlanır.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, ağlasığmaz olsa da, bu, belədir:
“Artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar. Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq "Microsoft Azerbaijan"da çalışmırlar. Görünür ki, Microsoft bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər.
Düşünürəm ki, bu vəziyyət Azərbaycan hökuməti üçün, RİNN üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır. Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, Microsoft-un Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim.
Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur.
Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır. Ümumiyyətlə son illərdə Microsoft daha çox regional idarəetməyə üstünlük verirdi, lokal ofislərdə əyləşənlər də regional məsələlərə cavabdehlik daşıyırdı”.
O.Gündüz xatırladıb ki, Microsoft Rusiya və Belarusda da fəaliyyətini dayandırıb. Bəs bu Azərbaycana necə təsir göstərəcək?
“Microsoft-un Rusiya ofisinin 500-dən çox işçisi bir anda çölə atılıb. İndi necə olacaq? Microsoft-un Azərbaycanla bağlı layihələrini, öhdəliklərini kim icra edəcək? Necə deyərlər, Windows, Ofis proqramları, Ofice365, Azure, digər lisenziyalı MS həllər və proqramlardan istifadə və yenilənmə, hökumət qurumları ilə olan müqavilələr, milyonlarla müştərisi olan MS Teams və s. necə olacaq ? Bütün bunlar necə dəstəklənəcək, kordinasiya necə olacaq?
Bildiyim qədər, Azərbaycandakı sadaladığım bu işlər Microsoft-un müxtəlif ölkələrindəki ofislərindən idarə olunacaq. Məsələn, nə qədər qəribə və ağlasığmaz səslənsə də Azərbaycanın təhsil sektorundakı Microsoft həlləri (məsələn MS Teams və s) Gürcüstan ofisindəki hansısa X tərəfindən idarə olunacaq. Azərbaycanın dövlət qurumlarında Microsoft həlləri ilə bağlı məsələlərə bu şirkətin, məsələn İrlandiya ofisindəki hansısa X cavabdeh olacaq və s. Yeri gəlmişkən, regional məsələlərlə məğul olsalar da, Microsoft-un Gürcüstan və Ermənistan ofisləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Üzüntülü olsa da, hazırda reallıq belədir. Nə etməli?”
O.Gündüz qeyd edib ki, çıxış yolu kimi, bu qlobal şirkət Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb olunmadı:
“Qarabağda aparılan yenidənqurma işlərinə cəlb olunmadı. Microsoft həllərindən böyük yaşıl enerji layihələrində istifadə olinmadı. Məsələn, Microsoft-a təklif oluna bilərdi ki, gəlib, iqlimi də uyğun olan Kəlbəcərdə nəhəng bir Data Mərkəz qursun.
Düşünürəm ki, bəlkə də gec deyil. Ali hakimiyyət səviyyəsində bu məsələyə ciddi reaksiya vermək lazımdır. Azərbaycanda gedən nəhəng infrastruktur işləri ilə Microsoft-u maraqlandırmaq və bəlkə də yenidən ölkəyə qaytarmaq olardı. Düzü, heç özüm də bilmirəm, bundan sonra Microsoftu qaytaqrmaq mümkün olacaqmı. Baş verənlərə çox təəssüf edirəm.
Fikrimcə, baş verənlər bütövlükdə ölkənin innovasiya mühiti üçün, İT biznes üçün, bütövlükdə İKT mühiti üçün düşündürücü olmalıdır. Yəni, burada söhbət hansısa bir Windows-a lisenziya almaqdan getmir, söhbət Microsoft kimi nəhəngi ölkəmizə bağlayacaq tellərin olmamasından gedir.
Ümid edirəm RİNN, ETN , XRİTDX, Prezident Administrasiyasının şöbələri də baş verənlərin fərqindədir. Şəxsən mən gözləyərdim ki, bu məsələyə Prezident səviyyəsində reaksiya veriləcək, baş verənlərə məsul olan şəxslərdən hesabat tələb olunacaq. Cənablar, bir daha vurğulamaq istərdim, Microsoft-un Azərbaycan ofisinin fəaliyyətini dayandırması, yumsaq desəm, bizim üçün utancdır”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:15 / 15.11.2022
“Microsoft Azerbaijan” bağlanır? – Osman Gündüzdən həyəcan TƏBİLİ
Hazırda oxunan: “Microsoft Azerbaijan” bağlanır? – Osman Gündüzdən həyəcan TƏBİLİ
Hazırda oxunan: “Microsoft Azerbaijan” bağlanır? – Osman Gündüzdən həyəcan TƏBİLİ
104500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.