"Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidir".
Bizim.Media xəbər verir ki, bunu trend.az-a açıqlamasında Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev deyib.
Onun sözlərinə görə, bütün vətəndaşlar həmişə ayıq-sayıq olmalıdır.
“Bu gün trerrora qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə bərabər, vətəndaşlar da həmişə ayıq-sayıq olmalıdır.
Türkiyədə baş verən hadisəni diqqətlə nəzərdən keçirsək, görərik ki, Türkiyədə partlayış zamanı terrorçu çantanı insanların gur toplaşdığı yerdə qoydu və ondan sonra partlayış baş verdi. Əgər kimsə zamanında həmin şübhəli çantanı görsəydi, dərhal hüquq-mühafizə orqanlarına məlumat verərdi və hadisənin miqyasının müəyyən mənada qarşısı alına bilərdi. Əlbəttə ki, bunlar ehtimallardır, istənilən halda həm Türkiyə, həm də Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdır.
Bəzən görürsən ki, yolda hər hansı bir naməlum əşya var, gənclər gəlib ona toxunur, təpikləyirlər. Belə hallara yol vermək olmaz. Azərbaycanda 90-cı illərdə xeyli terror hadisəsi törədilib.
Yəni kimsə hər hansı bir əşya görürsə, düşünməlidir ki, burada partlayıcı maddə ola bilər. Xüsusilə, insanların kütləvi olduğu yerlərdə vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidir”, - deyə A.Qarayev əlavə edib.
Bizim.Media