Daha bir qazimizin ona göstərilən diqqətdən şikayəti var.
Söhbət II Qarabağ müharibəsində bədəninin 70 faizi sıradan çıxan 1999-cu il təvəllüdlü qazimiz Cahangir Əliyevdən gedir. Sumqayıtın Kotec qəsəbəsində yaşayan Cahangir Əliyev 2019-cu ilin aprelində hərbi xidmətə yollanıb, İkinci Qarabağ savaşında ağır yaralanıb və 2 ay komada qalıb.
Aldığı zərbə nəticəsində beyninin 70%-i zədələnib, xüsusilə sol tərəfdən kəllə sümüyü sınıb, əl barmaqları qopub.
Cahangir Türkiyədə müalicə olunub, sağlamlığında xeyli irəliləyiş olsa da müalicəsi mərhələli şəkildə davam etməlidir.
21 yaşlı qazinin beyninin 70 faizinin zədələndiyi, demək olar ki, beyninin bir yarımkürəsinin olmadığı bildirilir. Qazimiz 8 nəfərlə Murovdağ istiqamətində ermənilərlə üzbəüz ağır döyüşlərdə fəal iştirak edib. Həmin vaxt yoldaşlarından 4 nəfər şəhid olub.
Yarımcan qalan qazimiz 2 ildən çoxdur dövlət qurumları tərəfindən incidildiyini, get-gələ salındığını deyir. Qazimizin anası Sevda Əliyeva Bizim.Media-ya açıqlamasında oğlunun sağlamlığına tam qovuşmamasımdan, eləcə də ona ev verilməməsindən gileylənib:
“Cahangir Vətən yolunda vuruşub və yarıcan olub, indi də Vətən ona sahib çıxmalıdır. Oğlumun haqqını tələb edirəm. Cahangirin salamat yeri yoxdur. Yalnız pəncələridir, o da ayağının biri işləmir, çəliksiz gəzə bilmir. Bədənində 250-yə yaxın tikiş var, gözünün biri tam görmür, o biri isə 5-10 faiz görür. Əl barmaqlarının birində 4, digərində isə 1 barmağı yoxdur. Danışığı, nitqi 99 faiz pozulub. Cahangirin gözünün müalicəsi İsraildə mümkündür. Müalicə üçün ora göndərilsə, mən öz gözümün birini verməyə hazıram, ancaq etmək istəmirlər”.
Ana qazinin ev məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Medafiəsi Nazirliyi, Sumqayıt Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edib:
“Sumqayıt İcra Hakimiyyəti bizə Sumqayıt stansiyasında mənzil verə biləcəyini deyir. Niyə mənim birinci dərəcəli əlil övladımı, şəhərin içində mənzil hüququ ola-ola, stansiyaya göndərirlər? Sumqayıtda son illər onlarla təzə binalar tikilib, o mənzilləri vətən qazilərinə verməyib də, kimə verəcəklər? Cahangirin əli-ayağı salamat deyil ki, özünü idarə etsin. Sosial Xidmətlər Agentliyinə narazılığımı bildirdim ki, evi Sumqayıtdan istəyirəm. Dedilər orada ev milli qəhrəmanlara verilir.
Sumqayət İcra Hakimiyyəti ev məsələsi ilə bağlı ümumiyyətlə maraqlanmır. Bu iki ildə icra başçısı bir dəfə də olsun Cahangirə baş çəkməyib. Mən evimi, həyətimi, sahib olduğum hər şeyi verirəm. Təki Cahangiri əvvəlki həyatına qaytarsınlar.
Oğlumun 1 barmağının yerini belə qaytara bilməzlər. 10 otaq versələr də Cahangirin sıradan çıxmış bir yerini əvəz eləmir. Ötən dəfə avtomobilinə nömrə almaq üçün gedib. Ondan dövlət rüsumu alınıb, üstəlik istədiyi nömrəni verməyiblər.
Deyiblər ki, Cahangirin istəyi ilə nömrə verilmir. Amma oğlumdan sonra 50 adama istədikləri nömrə verilib. Niyə Cahangirə qarşı etinasız münasibət var? Anlamırlar ki, bu uşaqların sayəsində kreslolarda əyləşiblər”.
Sumqayıt Rayon İcra Hakimiyyəti də məsələylə bağlı Bizim.Media-ya münasibət bildirib. Qeyd olunub ki, Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir:
“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Sumqayıt şəhərində şəhid ailələrinə və qazilərimizə hər zaman xüsusi həssaslıqla yanaşılıb və bundan sonra da bu yanaşma davam edəcəkdir.
Qazimiz Cahangir Əliyevə də hər zaman diqqət göstərilib. Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində şəhid ailələri və qazilərimizin hər biri qeyd olunan ərazidə mənzillə təmin olunub. Onu da bildirək ki, məznillər Sumqayıt şəhər İcra Hakimiyyətinin qeydiyyatı əsasında aidiyyatı dövlət qurumu tərəfindən verilir”.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov isə bildirib ki, Vətən müharibəmizin əlili Cahangir Əliyev 1 fevral 2022-ci il tarixində mənzil növbəsinə götürülüb:
“Onun sənədlərinə Sosial Xidmətlər Agentliyində baxılıb. Müharibə əlilimizə Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən ikiotaqlı mənzil təklif olunub. Lakin vətəndaş mənzildən imtina edərək, Sumqayıt şəhərindən mənzillə təmin olunmasını tələb edir.
Bildiririk ki, Nazirlik tərəfindən Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan imtiyazlı şəxslərin mənzillə təminatı Abşeron rayonu ərazisində olan yeni yaşayış kompleksindən həyata keçirilir. Onu da deyək ki, hazırda Nazirliyin balansında Sumqayıt şəhəri ərazisində mənzil yoxdur”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:18 / 10.11.2022
Bədəninin 70 faizi sıradan çıxan qazi ona verilən evdən niyə İMTİNA ETDİ – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Bədəninin 70 faizi sıradan çıxan qazi ona verilən evdən niyə İMTİNA ETDİ – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Bədəninin 70 faizi sıradan çıxan qazi ona verilən evdən niyə İMTİNA ETDİ – Rəsmi AÇIQLAMA
103588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.