Bayraq ordenli ŞƏHİDİMİZ – Bayraq günündə valideynləri PREZİDENTƏ nə söylədilər? - FOTO

Hazırda oxunan: Bayraq ordenli ŞƏHİDİMİZ – Bayraq günündə valideynləri PREZİDENTƏ nə söylədilər? - FOTO

103440

Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Möhübbət və Esmira Qurbanovlar ailəsinin 3-cü övladı olan Saleh bu ilin sentyabr ayının 12-14 -də Ermənistanla sərhəddə baş verən düşmən təxribatının qarşısını alarkən şəhid olub. 

Müdafiə Nazirliyinin “Komando” hərbi hissələrindən birində tabor komandiri olmuş 32 yaşlı Saleh Qurbanov ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Bayraq ordeni” ilə təltif olunub.

Şəhidimizin xatirəsini əziz tutaraq Bizim.Media Bayraq Günü ailənin qonağı olub.

Ata Möhübbət Qurbanov oğlu haqqında qürurla danışır. Deyir ki, oğul Vətən üçün böyüdülür, elin-obanın dar günüdə sinəsini irəli verməyən kəsdən kişi olmaz:

"Prezidentimizə çox minnətdaram. Doğrudan da İlham Əliyev böyük şəxsiyyətdir. O, şəhid ailələrinin yanında olduğunu öz əməli də sübut etdi. Salehə orden verilməsini eşidəndə çox qürurlandım. Sevindim. Prezidentimiz oğluma Azərbaycan Bayrağı ordeni verməklə ailəmizin ağır itkisinə öz məlhəmini qatdı. Çox minnətdarıq. Bu, bizim üçün çox böyük təsəllidir"
 

MÖVZU İLƏ BAĞLI:

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür - VİDEO


Atası Möhübbət kişi deyir ki, Saleh sonuncu zəngi bizə sentyabrın 10-u gecə etmişdi:

"Oğlu Möhübbəti soruşdu, yuxuda görmüşəm dedi. Dedim, narahat olma. Uşaq indi yaxşıdır. Sənə deməmişdik. Sumqayıta aparmışdıq həkimə. İndi yaxşıdır. Sən özündən muğayat ol".

Saleh Qurbanovun anası Esmira xanım isə deyir ki, Saleh sonuncu dəfə görüntülü danışmışdıq:

"Çox yorğun görmüşdüm onu həmin gün. Sentyabrın 10-u gecə 23 radələrində son dəfə danışdıq onunla. Bizi arxayın etdi ki, narahat olmayın. Mən yaxşıyam. Bizə heç vaxt işindən danışmazdı. Hərbçi kimi işinin mahiyyətini heç vaxt açıqlamazdı. Düşünməzdik ki, şəhid olacaq, deyirdik ki, daha müharibə bitib, daha şəhid vermərik. Amma fələyin çox dürlü-dürlü işləri var. Şəhidlərin hamısı Salehim kimi mənim oğlumdur. Allah hamısının ruhunu şad eləsin".

Ana danışır ki, oğlumun təltif edilənlər siyahısında görəndə qübar doldu sinəmə, kədər dolu sevinc bürüdü məni:

"Təsəllimiz odur ki, oğlumuz Saleh qəhrəman kimi vuruşub, həmişə irəlidə olub. Mən oğlumun xasiyyətini yaxşı bilirdim, onun bütün ruhunda igidlik vardı, indi bütöv bir xalqın övladına çevrilib. Dövlət başçımıza minnətdarıq ki, Salehin döyüşlərdəki şücaətini qiymətləndirib. Çox sağ olsun".

Azərbaycan Bayrağı ordenli şəhid Saleh Qurbanovun sadə peşə adamları olan valideynləri sonunda başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını, Dövlət Bayrağı günü münasibətilə təbrik etdilər:

“Zəfər Günü Prezidentimizin çıxışına diqqətlə qulaq asdıq. Qürur duyduq, şərəf duyduq, bəli doğru deyir, lazım gəlsə, bu bayraq üçün hamımız candan keçərik. Qoy Prezidentimiz də bilsin ki, biz onunla birlikdəyiq, vuran əlini, yumruğunu həmişə qüdrətli edəcəyik. Həm də bu bayraq üçün nə oğullar canlar verdi, sonda ona bükülüb evlərinə döndülər, ancaq bir amal üçün: - Qoy ay-ulduzlu üçrəngli bayrağımız əbədi olaraq yüksəklərdə dalğalansın! Vətən sağ olsun, torpaqlarımız yağı-düşmən əsarətində qalmasın”. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin